Azərbaycanın böyük filosofunun min il əvvəl yaşadığı bu mağara ziyarətgaha çevrilib

Filosof, şair, səyyah  və mühəndis olan Baba Kuhi Bakuvi (Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə) şirvanşah Mənuçöhrün vəziri, böyük mütəfəkkir, ilahiyyatçı Pir Hüseyn Şirvaninin doğmaca qardaşıdır. Rəvayətə görə, min il əvvəl Bakıda doğulan və 100 il ömür sürən Baba Kuhi bir müddət ailəsi ilə bu mağarada yaşayıb. Qardaşı ilə fikir ayrılığı və münasibətləri gərgin olan Baba Kuhinin yaşadığı bu mağara Pir Hüseyin Şirvaninin Hacıqabul rayonunun Pirsaat çayı üzərində yerləşən məqbərəsindən 35 km aralıda yerləşir.

 

"Vağam" adlandırılan bu mağara ətraf ərazidə yaşayanların tez-tez üz tutduğu ziyarətgahdır. Üstünü iri daşlar və qaya parçaları örtmüş, hündürlüyü bir metrdən azacıq artıq olan mağaraya daxil olmaq və onun içərisində hərəkət etmək üçün gərək əyilə və dizin-dizin sürünəsən.

 

“Vağam” ərazidəki yeganə mağara deyil. Tədqiqatçılar deyir ki, mağaranı müqəddəsləşdirən el arasında "Həzrət baba", "Qarlı baba" kimi tanınan Baba Kuhinin burada yaşamış olması ilə bağlı yayılan rəvayətlərdir.

 

Ziyarətə gələnlərin çoxu Kuhini tarixi şəxsiyyət kimi tanımır, onun həyat və yaradıcılığı, fəlsəfi görüşləri barədə məlumatlı deyil. Baba Kuhi onlar üçün qeyri-adi qüvvə hesab olunur. İnsanlar inanır ki, Baba Kuhinin mağarasında dilənən arzular çin olur. Elə bu inamla Kuhidən kimi xəstəliyinə çarə, bəziləri övlad, kimisi də ailəsinə ruzi istəyir.

 

İnsanlar Baba Kuhinin Babadağ zirvəsində qeybə çəkildiyinə inansalar da, filosofun məzarının İranın Şiraz şəhərində olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv