Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti - YAPONİYADAN SONRA
“ASAN Railway” layihəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
APA TV-nin məlumatına görə, sənədi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “İdrak Texnoloji Transfer” MMC-nin prezidenti Hikmət Abdullayev imzalayıblar.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidmətinin istifadəyə veriləcəyini bildirib: "Dəmir yolu şəbəkəsi ilə sərnişin və yükdaşımalar müəyyən interval əsasında həyata keçirilir. O intervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə, məsələn, Şəkiyə və əks-tərəfə hərəkət edə bilərlər. Belə bir layihə Yaponiyada tətbiq olunur. Azərbaycanda dəmir yolunu səmərəli istifadə etmək həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn turistlər üçün sərnişindaşıma xidmətini yaratmağa hədəflənib".
Xatırladaq ki, “ASAN Railway” sistemi ilk dəfə İmişli “ASAN Həyat” kompleksinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.