Azərbaycanın ən mistik məhəlləsi

Yox, yox. Bura nə içəri şəhərdir, nə də mistik Avropa şəhəri. Bura Qax rayonunun İçəribazar adlanan yaşayış məhəlləsidir. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, bu məhəllə 16-cı əsrin sonları 17-ci əsrin birinci yarısında inşa edilib. Burada görünüşü ilə göz oxşayan evlərin hər biri çay daşı və kərpicdən tikilib. Məhəllə qala divarları və bürclərlə əhatələnmiş qala qapılarından ibarətdir. Əslən Qax rayonunun İlisu kəndindən olan dahi Azərbaycan bəstəkarı və ictimai xadimi Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 19-cu əsrin 80 –ci illərində İçəribazar məhəlləsində olub. 1977-ci ildə rejissor Akif Babayev tərəfindən ekranlaşdırılan “Arxadan vurulan zərbə” filminin bir hissəsi məhz İçəribazar məhəlləsində çəkilib. Rayon sakinləri və rayona gəzməyə gələn qonaqlar tarixi məkanda aparılan əsaslı təmir və yenidən qurma işlərindən razı qaldıqlarını bildirirlər. İçəribazar məhəlləsi tikildiyi andan bu günə kimi keçən dövrdə bir-neçə dəfə təmir edilib. Məhəllədə 2010-20011-ci illərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Tarixi məhəllə hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdindədir, tarixi məkan dövlət tərəfindən qorunur. Qeyd edək ki, Qax rayonunda qədim tarixə malik 70-ə yaxın tarix və mədəniyyət abidəsi var.

Müəllif | Apa.Tv
Apa.tv