Azərbaycanın Ermənistanla bağlı şikayətləri icraat mərhələsində

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".

 

APA TV-nin məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) salahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə tərcümə və nəşr edilmiş “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslərlə bağlı işlərə dair qərarlarının toplusu” kitabının təqdimatında deyib.

 

O bildirib ki, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən Müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlə bağlı Avropa İnsan Haqları məhkəməsinə şikayətlər verib: "Azərbaycan dövləti bu cür şikayətlərin göndərilməsini hər zaman təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq məhkəməyə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".

 

Çingiz Əsgərov qeyd edib ki, Vətən Müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdədir: "Azərbaycan tərəfinin mövqeyi gələn ay Avropa İnsan Haqları Məhkəməsinə təqdim olunacaq".

 

Tədbirdə BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso da çıxış edib. O bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ildən Azərbaycanda qaçqınların, sığınacaq axtaranların, məcburi köçkünlərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq standartlara uyğun müdafiəsi və onlara yardım göstərilməsi sahəsində Azərbaycan hökumətinə və müvafiq qurumlarına dəstək göstərir. O, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının toplu nəşrinin Azərbaycan hakimlərinə və məhkəmələrinə beynəlxalq müdafiəyə ehtiyacı olan şəxslərə sığınacaq verilməsi, vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan şəxslər üçün sənədlərin və vətəndaşlığın verilməsi ilə bağlı düzgün qərarlar qəbul etməyə kömək göstərəcəyini vurğulayıb.

 

Çingiz Əsgərov isə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar müsbət nəticələrini göstərməkdədir. Azərbaycanda inzibati məhkəmələrin yaradılması, prosessual qanunvericiliyə mütərəqqi müddəaların daxil edilməsi, məhkəmələrin aparatlarının təkmilləşdirilməsi müsbət dəyişiklikləri daha da sürətləndirir. Məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının daha geniş tətbiqi ölkə ərazisində insan hüquqlarının təmin olunması, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edəcək.

 

Sevinc Vaqifqızı,

Ceyhun Mustafayev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv