Azərbaycanın hava məkanında sıxlıq müşahidə edilir - SƏBƏB
Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadənin dayandırılmasından sonra bəzi beynəlxalq aviaşirkətlər Azərbaycanın hava məkanından aktiv istifadə etməyə başlayıb.
APA TV-nin xəbərinə görə, bu barədə “Flightradar24” məlumat yayıb.
Bildirir ki, mövcud vəziyyətlə əlaqədar İran və İraqa uçuşların dayandırılmasından sonra təyyarələr Avropa istiqamətlərinə uçarkən Azərbaycan və Türkmənistanın hava məkanında sıxlıq müşahidə edilib.
Qeyd edək ki, “Lufthansa”, “Air France”, “Singapore Airlines” şirkətləri də daxil olmaqla bəzi böyük beynəlxalq aviaşirkətlər Yaxın Şərqdə gərginliyin artması səbəbindən İran və İraq hava məkanından istifadəni müvəqqəti dayandırıb.
Azərbaycan Hava Yolları şirkətinin mətbuat katibi Paşa Kəsəmənski APA TV-yə bildirib ki, son hadisələrlə əlaqədar Azərbaycanın hava məkanından keçən tranzit hava axınlarının miqdarı həqiqətən artıb. Bu səbəbdən “Azəraeronaviqasiya” (AZANS) Səmərəlilik Mərkəzindən (ASEC) istifadə edərək gücləndirilmiş rejimdə işləyir. Mərkəzi Brüssel olmaqla beynəlxalq müqavilələr əsasında hava gəmilərinin axınlarında dəyişikliklər koordinasiya edilib və marşrutları hava məkanımızdan keçən aviaşirkətlərin ehtiyacları təmin olunub.