16:52 22 sentyabr 2022 348
Ana səhifə Xəbərlər

Azərbaycanın heç yerində bu qədər it yoxdu - Sakinlərin qəribə iddiası

Şəhər küçələrində sayları sürətlə artan itlər Şirvan sakinlərini qorxuya salıblar.

APA TV olaraq bir neçə ay əvvəl problemi işıqlandırsaq da, mövzuya yenidən qayıtmağımızın səbəbi sakinlərin sosial şəbəkələrdəki paylaşımları oldu. Onlar iddia edirlər ki, itlər Şirvana Bakıdan gətirilir.

İlk çəkilişimizin üzərindən sadəcə bir neçə ay keçməsinə baxmayaraq, şəhər ərazisində dolaşan sahibsiz itlərin sayı birə on artıb. Söhbətləşdiyimiz bəzi sakinlər Şirvanda Mişovdağ deyilən ərazidə itlərin maşınlardan boşaldılmasının şahidi olduqlarını iddia etsələr də, kamera qarşısına çıxmaq istəmədilər. Ancaq bunu bildirdilər ki, şəhər ərazisində görülən itlər yerli itlərə oxşamır.

Sakinlərin sözlərinə görə, gecələr itlər binaların mərtəbələrində gecələyir, blokların girişində toplaşırlar. Bir sözlə, say o qədər artıb ki, itlərə hər yerdə, şəhərin prospekt və küçələrində, parklarda, insanların toplaşdıqları yerlərdə, əsasən də uşaq bağçalarının və məktəblərin ətrafında rast gələ bilərsiniz.

 Şirvan camaatını vahiməyə salan təkcə itlərin sayı deyil, həm də it dişləmələrinə görə xəstəxanaya olunan müraciətlərin statistikasıdır. Ötən il it dişləməsi ilə bağlı 230 müraciət olubsa, bu ilin müvafiq dövründə həmin rəqəm 282-yə çatıb. 

Bəs görəsən sahibsiz itlərin peyvəndlənməsi məsələsi ilə məşğul olan varmı?

Bəli, sahibsiz itlərin söhbəti düşən kimi bütün qurumlar yaxasını kənara çəkir. Hər kəsin əlində bir əsas var: itləri güllələmək olmaz! Bu arqumenti başa düşdük, biz də tərəfdarı deyilik. Axı başqa çarələr də var, məsələn, sığınacaqların yaradılması. Bəs qurumlar bu istiqamətdə niyə addım atmırlar? 

Gördüyünüz kimi... problem nə qədər sadə görünsə də, həlli qurumları üz-üzə qoyub. Hamı yaxasını kənara çəkir. Gerçəklik isə odur ki, Şirvan sakinlərini narahat edən bu problem necəsə həll olunmalıdır. Buna görə də mövzuya qayıdacağıq.

Əlibəy Zeynallı, Elçin Həsənov

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın