Azərbaycanın ilk torpaq muzeyindən - Reportaj –bura bir vaxtlar muzey olub

Saatlıya səfər edənlər burada yerləşən muzeyləri böyük maraqla ziyarət edirlər.

Saatlı Tarix Diyarşünaslıq muzeyini bölgənin ən zəngin və müasir muzeyi hesab etmək olar.40 ildir fəaliyyət göstərən muzey 1983-cü ildə yaradılıb və müxtəlif binalarda fəaliyyət göstərib.  2012-ci ildə muzey üçün tikilən indiki binaya köçürülüb. Muzeydə 3-cü minillikdən başlayaraq bu günə kimi olan dövrü əhatə edən müxtəlif əsrlərə aid eksponatlar toplanıb.

Hazırda muzeyin fondunda olan eksponatların sayı 10 325 ədəddir. Muzeydə sərgilənən əşyaların önəmli hissəsi -1992 ədəd eksponat Saatlı rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı ərazidə olan 7 nekropoldan və küp qəbirlərdən tapılıb. Muzeyin eksponatları sırasında 19-cu əsrə aid çox qiymətli nadir Qarabağ və Muğan xalçaları saxlanılır. Muzeyin arxeologiya, məişət-etnoqrafiya, tətbiqi sənət, mədəniyyət, numizmatika, fotoşəkillər və tarixi sənədlər kimi bölmələri var.

Səfəvi dövlətinə məxsus sikkə pullar, antik dövrə aid mis qablar, nizə ucluqları və digər maraqlı eksponatlar muzeyə gələn qonaqları valeh edir.

Rayon ərazisində olan digər maraqlı yerlərdən biri də Cəfərxan kəndində yerləşən ilk torpaq muzeyi kimi tanınan Cəfərxanın evidir. 1915-ci ildə Şamaxıdan bu əraziyə gələn şəxslərdən birinin - Cəfərxanın sərmayəsi hesabına inşa olunan bina müxtəlif dövrlərdə müxtəlif məqsədlər üçün istifadə olunub. Deyilənə görə binada torpaqşünaslıq elmi-tədqiqat işləri aparılıb. Uzun müddət binada torpaqların şoranlaşmasının səbəblərini öyrənmək məqsədi ilə burada tədqiqatlar aparılıb. Məhz çoxsaylı torpaq nümunələrinin toplanması səbəbindən bina bir müddət Azərbaycanda ilk torpaq muzeyi kimi fəaliyyət göstərib.

Sakinlər bildirir ki, bir zamanlar elmi təcrübələrin aparıldığı, tarixə şahidlik edən binanın qapısı indi qıfıllıdır.

Şirvan mahalından gələn şamaxılı xanı üçün almanlar 1915-ci ildə inşa ediblər. Ustaları almanlar olub. Bura elmi təcrübə stansiyası olub. 

Qeyd edək ki, 18 may  Beynəlxalq muzeylər günüdür. Bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib

Əlibəy Zeynallı

Elçin Həsənov

 

Müəllif | Apa.Tv
Apa.tv