Azərbaycanın istehsal etdiyi maskalar gələn həftədən satışa çıxarılacaq

Sumqayıtda tibbi maskaların istehsalı zavodunun işə salınması daxili tələbatı tam ödəyəcək.

 

APA TV-nin verdiyi məlumata görə, bunu sözügedən müəssisəyə təşkil olunmuş media-tur çərçivəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

 

Onun sözlərinə görə, bu günədək bu məhsullar ölkəyə idxal olunurdusa, artıq yerli istehsalın işə salınması idxaldan asılılığı qismən aradan qaldıracaq: "Bildiyiniz kimi, baş verən hadisə ilə bağlı bir çox xarici dövlətlər tibbi ləvazimatların və maskaların ixracını qadağan ediblər. Ölkə başçısı tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində görülən tədbirlər nəticəsində, həmçinin sahibkarlara göstərilən dəstək ölkədə belə bir istehsalın qısa bir zamanda təşkilinə zəmin yaratdı”.

 

Media-turda iştirak edən "Bakı Tekstil Fabriki"nin təsisçisi Səkinə Babayeva bildirib ki, müəssisədə istehsal olunan tibbi maskalar gələn həftədən etibarən satışa çıxarılacaq: “Hazırda fabrikin ümumi istehsal gücü həftə ərzində 80 min ədəd maskaya bərabərdir. Əsas maşının istehsal gücü isə 120 mindir. Burada ikinci maşın quraşdırılacaq. Həmin vaxt isə ümumi istehsal gücü 200-220 minə qədər artacaq”.

 

“Sumqayıt Kimya Sənaye Parkı”nın direktoru Nazim Talıbov isə deyib ki, parkın ərazisi 508 hektardır və burada 22 müəssisəyə rezident statusu verilib ki, onlardan da 14-ü hazırda fəaliyyət göstərir. Maska fabrikinə də Parkın ərazisində böyük ərazi ayrılıb: “ “Sumqayıt Kimya Sənaye Parkı”nın ümumi investisiya portfeli 3.1 milyard dollardır. Real kapital qoyuluşu isə 2.4 milyard dollardır. Hazırda burada fəaliyyət göstərən müəssisələrdə 5 mindən artıq vətəndaş işlə təmin olunub”.

 

Azərbaycan istehsalı olan və əhalinin maskaya olan tələbatını ödəyəcək maskaların satış qiyməti yaxın iki gün ərzində açıqlanacaq. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır.

 

Səfər Əlizadə

Üzeyir Ağayev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv