Azərbaycanın Milli Qəhrəmanı avtomobil qəzasında həlak olub
Azərbaycanın Milli Qəhrəmanı avtomobil qəzasında həlak olub.
APA TV-nin məlumatına görə, 1959-cu il təvəllüdlü Məhəmməd Həsənov noyabr ayının 9-da yaşadığı Goranboy rayonu ərazisində qəzaya düşərək ağır xəsarət alıb.
Dərhal xəstəxanaya yerləşdirilən Milli Qəhrəman bu gün səhər saatlarında xəstəxanada vəfat edib.
Qeyd edək ki, Məhəmməd Ələsgər oğlu Həsənov 1959-cu il avqustun 9-da Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. 1966-1976-cı illərdə buradakı 3 saylı orta məktəbdə təhsil alıb. 1977-1979-cu illərdə hərbi xidmətdə olub. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olub. 1987-ci ildə Vətənə qayıdıb və təhsil aldığı məktəbdə hərbidən dərs deyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan sonra silaha sarılıb və könüllülərdən ibarət dəstəyə komandir təyin olunub. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 1993-cü ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib və polkovnik-leytenant rütbəsinə yüksəlib. Ordudan tərxis olunduqdan sonra vaxtilə təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb.