Azərbaycanın Qərbdən uzaqlaşması ilə bağlı iddiaların heç bir əsası yoxdur
Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər hələ də dünya mediasında müzakirə olunmaqdadır. 20-dən çox görüş qarşı tərəfin müraciəti əsasında baş tutub. Belə qənaətə gəlmək olar ki, İlham Əliyevin növbədənkənar prezident seçkisindən sonra Münxen Təhlükəsizlik Konfransına dəvət olunması, ABŞ Dövlət Katibi də daxil olmaqla bir çox hökumət başçıları və nüfuzlu təşkilat rəhbərlərinin Azərbaycan lideri ilə görüş üçün çoxsaylı müraciətləri həm də səsvermə nəticələrinə münasibətin sübutudur. Bunu görüş əsnasında, həmçinin Münxen Təhlükəsizlik Konfransı tamamalandıqdan sonra Prezident İlham Əliyevə ünvanlanan təbriklərə nəzər yetirəndə də sezmək asandır. Münxen Təhlükəsizlik Konfransına qayıtsaq, ən yaddaqalan görüşlərdən biri də Prezident İlham Əliyev ilə Almaniya kansleri Olaf Şolts, və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutdu. Xatırladaq ki, üçtərəfli görüş Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli müzakirələri ilə davam etmişdi. Maraqlıdır, keçirilən görüşlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına təkan verə bilərmi? Məsələ ilə bağlı APA TV-yə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, rəsmi İrəvan konstruktiv mövqe nümayiş etdirmək fonunu yaratsa da, bu ölkədə hələ də separatçı və revanşist qüvvələr qalmaqdadır. Deputat əlavə edib ki, Prezidentin prinsipial və qətiyyətli mövqeyi bundan ibarətdir ki, Azərbaycan sülh istəyir. O əlavə edib ki, Bakı vasitəçiliyi deyil, ikitərəfli danışıqlar formatını dəstəkləyir. “Azərbaycanın Davos və Münhenə dəvəti bir daha göstərdi ki, Rəsmi Bakının guya Qərb¬dən uzaqlaşdığı təbliğatı, özünü təcrid etdiyi, Avropadan çəkildiyi haqda iddiaların da heç bir əsası yoxdur”. Bunu isə kanalımıza açıqlamasında siyasi şərhçi Tural İsmayılov de¬yib. O əlavə edib ki, Avropanın bir çox dövlət başçılarının prezident İlham Əliyevə şəxsi simpatiyaları və Azərbaycana böyük sayğıları var. Siyasi şərhçi onu da vurğulayıb ki, bu gün Azərbaycan dünya üçün vacib tədbirlərdən biri olan COP-29-a ev sahibliyinə hazırlaşır. Bu və digər faktlar isə Azərbaycanla Qərb arasında problemlərin olması iddialarını təkzib edir. Fuad Sadıqov APA TV