Azərbaycanın Qoşulmama Hərəkatına sədr qismində prioritetləri açıqlandı
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründəki prioritetlərini açıqlayıb.
APA TV-nin məlumatına görə, diplomat mətbuat konfransında bildirib ki, Azərbaycanın təşkilata sədrliyi dövründə sülh və sabitlik, ölkələrin suverenliyi təşviq olunacaq: “Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb. Bu günə qədər 60-a yaxın dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı nəzərə tutulub”.
Nazir müavini qeyd edib ki, qurum daxilində həmrəyliyin artırılması, təşkilatın nüfuzunun beynəlxalq aləmdə gücləndirilməsi və 1955-ci ildə qəbul olunmuş Vandum prinsiplərinin təşviqi də əsas prioritetdir.