“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda iclas keçirilib

“Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” mövzusunda Türk Ticarət və Sənaye Palatasının növbədənkənar iclası keçirilib.

APA TV xəbər verir ki, Azərbaycanın istehsal, ticarət, logistika imkanlarının geniş olduğunu vurğulayan qonaqlar türkdilli dövlətlərin iş adamlarını bu potensialdan daha fəal istifadə etməyə çağırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə Türkiyənin Egey bölgəsində baş verən zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib, yaralılara şəfa diləyib. Nazir həmçinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olan Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa arzulayıb.

Mikayıl Cabbarov bildirib ki, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçı siyasəti iqtisadi əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr yaradır, iqtisadi potensialın tam istifadə olunmasını məhdudlaşdırır.

Nazir qeyd edib ki, Türk Ticarət və Sənaye Palatasının üzvü olan Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir, Avrasiyanın mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu və 25 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyət göstərir.

Mikayıl Cabbarov qeyd edib ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov isə bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün işlərə artıq başlanılıb və bu istiqamətdə gələcək fəaliyyətimizdə dost və qardaş türkdilli ölkələrin iştirakından məmnunluq duyarıq.

Qeyd edilib ki, Azərbaycan dövləti öz iqtisadiyyatının strukturunu təkmilləşdirir və investisiya mühitinin əlverişliliyinin artırılmasını təmin edir. Azərbaycanda koronavirusla mübarizədə adekvat addımlar atılıb. Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması ilə bağlı pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dövlət tərəfindən böyük dəstək verilir.

Müəllif | Apa.Tv
Apa.tv