Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqazda yeni reallıqlar... – BMTM VEBİNAR KEÇİRDİ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident İlham Əliyevin xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında qeyd olunan Azərbaycanın xarici siyasət prioritetləri, Cənubi Qafqazda yeni reallıqlar və sülhə dair vebinar təşkil edib.

APA TV xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqazda baş verən vəziyyət, post-müharibə dövründə yaranmış imkanlar və təhdidlər məsələsinə toxunub.

Politoloq Fikrət Sadıxov isə dövlət başçısının mətbuat konfransında bir çox vacib məsələlərə toxunduğunu deyib. Onun sözlərinə görə, bu məsələlər arasında siyasi, geoiqtisadi və ən vacibi isə gələcəklə bağlı fikirlər və sülhə çağırış xüsusilə qeyd edilməlidir. “Ermənilər artıq reallıqla barışmalı və revanşizm məsələsini kənara qoymalıdırlar. Azərbaycan heç bir revanşizmə imkan verməyəcək və ermənilər də bunu dərk etməlidirlər”, - deyə Fikrət Sadıxov bildirib.

Ekspert Nazim Cəfərsoy isə bildirib ki, Cənubi Qafqazda artıq yeni reallıqlar formalaşıb və Qarabağ erməniləri Azərbaycana reinteqrasiya olunmalıdır. O, qeyd edib ki, Tərtər, Ağdam, Şuşa və Fizuli istiqamətinin yüksək inkişaf etdirilməlidir ki, Qarabağda Xankəndinin statusu azalsın.

Politoloq Əhməd Əlili isə Avropanın regiona qarşı mövqeyinə toxunaraq Azərbaycanın Avropa ilə uğurlu əməkdaşlıq etdiyini qeyd edib.

Politoloq Zaur Məmmədov isə Azərbaycan-Rusiya münasibətlərinə toxunub. Onun sözlərinə görə, post-müharibə dövründə Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi Rusiya üçün maraqlı olmamalıdır. Rusiya sülhməramlıların fəaliyyətinə toxunan ekspert qeyd edib ki, sülhməramlı qüvvələr 4 il yarımdan sonra bölgəni tərk edə bilər.

Müəllif | Apa.Tv
Apa.tv