Azərbaycanla Bosniya və Herseqovina arasında yeni saziş imzalandı

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Qonaqlar əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir, bu çərçivədə ölkələrimizin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın Təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Müəllif | Apa.Tv
Apa.tv