Azərbaycanla İran arasında avtomobil və dəmiryolu, eləcə də yeni körpü inşa olunacaq
Astarada Azərbaycan və İran Sərhəd Qoşunlarının komandanları görüşüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında keçən görüşdə regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparılıb. Həmçinin sərhəd təhlükəsizliyinin təminatı məsələləri, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi və digər məsələlər müzakirə edilib. Görüşdə “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib. Görüşün sonunda Qasım Rzayi üzüyünü Elçin Quliyevə hədiyyə edib.
Dövlət Sərhəd Xidmətinin Rəisi Elçin Quliyev: ”Bu il avtomobil və dəmiryolunun açılışı, eləcə də yeni körpünün inşa olunması planlaşdırılır. Bunların hamısı xidməti əlaqələrin inkişafının təzahürüdür. Qeyd etmək istərdim ki, 2018-ci illə müqayisədə 2019-cu ildə həm şəxslərin, həm nəqliyyat vasitələrinin keçidində çox ciddi artım var. "
Elçin Quliyevin sözlərinə görə 2018-ci illə müqayisədə 2019-cu ildə piyada keçən vətəndaşların sayı 21.5, nəqliyyat vasitələri ilə keçənlərin sayı isə 13 faiz artıb: ” Yeni buraxılış məntəqələrinin fəaliyyəti başlaması məsələləri müzakirə olunur. Mən bilirəm ki, bu məsələ həm də hökumətlər arasında müzakirə obyektidir. Sərhədyanı digər əlaqələrin qurulması, inkişaf etdirilməsi bu gün gündəlikdədir."
Qasim Rzayi - İran İslam Respublikasinin Sərhəd Qoşunlarinin Komandani: "Hər gün Azərbaycan və İran sərhəd keçid məntəqələrindən 8 minə qədər insan keçir. Bu, iki ölkə arasında münasibətlərin inkişafının bariz nümunəsidir. Hər iki dövlət səy göstərir ki, ölkələr arasında istər dəmiryolu, istər avtomobil yolu sahəsində əlaqələri inkişaf etdirsinlər. Bizim bugünkü görüşümüz həm də regionda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrə ciddi bir mesajdır. Heç bir qüvvə bizim münasibətlərə nifaq sala və poza bilməz. Gələcək planlarımızda Elçin Quliyevin Tehrana səfəri, bizim Bakıya səfərimiz, eləcə də İran, Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır."
Sonda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev İran-Azərbaycan sərhədinə kimi gedərək iranlı həmkarını yola salıb.