Azərbaycanlı ailə ABŞ dövlətini aldadıb - 7,4 MİLYONLUQ QALMAQAL

ABŞ-da yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunur.

 

APA TV-nin “Qafqazinfo”ya istinadən xəbərinə görə, Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqdan təqsirli bilinir.

 

Ailənin iki üzvü - Aydın Kələntərov  və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

 

ABŞ Prokurorluğunun Ohayo Federal Bölgəsi üzrə sözçüsü Daniel Ball bildirib ki, fırıldaqçılıqla ələ keçirilmiş bütün vəsait geri alınacaq. Onun sözlərinə görə, ailənin digər dörd üzvünün - Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezin də bu işdə əli olduğu güman edilir. Bu səbəbdən onlara da qarşı ittiham irəli sürüləcəyi istisna deyil.

 

Qeyd olunub ki, Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigez, Aydın Kələntərov və Günay Kələntərli Kiçik və Orta Biznes İdarəsini aldatmaq üçün əlbir olublar.

 

Araşdırma nəticəsində Kələntərovların altı üzvünün Ohayonun şimal-şərqindəki üç evdə onlarla fermer təsərrüfatı təsis etdiyi üzə çıxıb. Saxta şirkətlərə “Fresh Ohio Berries”, “Ohio Natural Beets”, “Organic Ohio Broccoli” kimi adlar verilib.

 

Ailə bundan sonra hökumətə müraciət edərək, ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 pandemiya yardım krediti alıb. Dövlət fırıldaqçılıqdan sonradan xəbər tutub. Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin vevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.

 

Araşdırmalarımız nəticəsində Zaur, Əli və Aydın Kələntərlinin üç qardaş olduqları üzə çıxıb. Onlar 2019-cu ilin sentyabr ayında ABŞ-da yaşayan azərbaycanlı jurnalist Aynur Talıbovanın “Youtube” kanalına müsahibəsində öz biznesləri barədə geniş məlumat vermişdilər.

Müəllif | Apa.Tv
Apa.tv