Azərbaycanlı müğənni tutuldu - İRANDAN NARKOTİK DAŞIYIB
Yardımlıda narkotik alverçisi ələ keçib.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşları rayonun Məlikli kənd sakini, əvvəllər məhkum olunmuş Zahir İbayevi saxlayıb. Saxlanılan zaman ondan 500 qram heroin və 600 qram tiryək götürülüb. Z.İbayev narkotik vasitələri həmkəndlisi Abbas Həşimovdan aldığını bildirib.
Yaxalanan A.Həşimov “Abbas Yardımlı” ləqəbi ilə tanınıb. Bu ona kriminal aləmdə yox, sənət aləmində verilən ləqəbdir. Bu ləqəblə o, təkcə cənub bölgəsində deyil, İranda keçirilən toy mərasimlərində də müğənnilik edib.
“Həm ziyarət, həm ticarət” deyən müğənni İran toylarında qazandığı pulla kifayətlənməyib, gələndə özü ilə narkotik də gətirib. Dediyinə görə, sonuncu dəfə Xudayar adlı İran vətəndaşından külli miqdarda narkotik alıb. Həmin narkotiki isə Z.İbayevə satdırmaq məqsədilə verib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.