Azərbaycanlı tələbələr İtaliyadan təxliyə edilirlər
Azərbaycanın İtaliyadakı səfirliyi orada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
APA Tv xəbər verir ki, müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin "Fiumicino" hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib: "İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16.00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur".
Səfirlikdən bildirilir ki, artıq vətəndaşlarımızn bir hissəsi ölkəyə qayıdıb.
İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilmələri üçün təşkil olunan çarter reyslərə görə Azərbaycan rəhbərliyinə təşəkkür ediblər.
Artıq tələbələrin növbəti qrupu Azərbaycana qayıtmaları üçün İtaliyada hava limanında təxliyə olunmalarını gözləyirlər.
Bildirilir ki, İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.