Azərbaycanlı vətəndaşlar Elazığdan Naxçıvana gətirilir - 3 AVTOBUS YOLA DÜŞÜB
Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasından təxliyyəsi prosesi bütün gecə ərzində davam edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Elazığ və Malatiyadan gələn avtobuslar səhər saat 5-6 radələrində İğdıra çatıblar. Vətəndaşlarımız nahar etdikdən sonra artıq Naxçıvandan göndərilmiş avtobuslara köçürülüblər. Üç avtobusdan birincisi artıq Naxçıvana çatıb. İkinci avtobus Naxçıvana çox yaxındır. Üçüncü avtobus isə təqribən 2 saata Naxçıvana çatacaq. Təxliyyə olunan 105 vətəndaşdan 42-si artıq Naxçıvandadır. Qalan 63 nəfər də iki avtobusla tezliklə Naxçıvanda olacaqlar. Daha sonra isə vətəndaşlarımız Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Naxçıvana göndərilmiş təyyarə ilə Bakı gələcəklər.