Azərbaycanlı yeniyetmənin hazırladığı oyun “AppStore”da birinci yerə çıxdı

Azərbaycanlı yeniyetmənin hazırladığı oyun dünya reytinqində birinci yerə yüksəlib.

 

APA TV-nin məlumatına görə, 16 yaşlı Sahib Zülfüqarın hazırladığı “Cırtdan” oyunu “AppStore” proqramında dünya şöhrətli mobil oyunları geridə qoyaraq qısa bir vaxt ərzində istifadəçilər tərəfindən 10 min dəfədən çox endirilib.

 

Azərbaycanın dövlət bayrağının, milli geyiminin və məşhur nağıl personajı “Cırtdan”ın öz əksini tapdığı bu oyun milli musiqimizlə kompozisiya olunub.

 

Qəhrəmanımız deyir ki, onda bu sahəyə maraq uşaqlıqdan yaranıb və böyük arzusu yaratdığı mobil oyunlarla Azərbaycanı beynəlxalq sərgilərdə təmsil etməkdir: “12-13 yaşımda proqramlaşdırmaya marağım yarandı. O vaxtdan bu işləri görmək üçün məktəb, akademiya axtarmağa başladım. Onlayn kurslara qatıldım. Daha sonra Bakıda açılan akademiyalardan birinin dərslərinə qatıldım. Beləcə robot texnologiyası, proqramlaşdırmanı öyrənməyə başladım. Ondan sonra oyun yaratmaq üçün istifadə olunan proqramlarda rahat işləməyə başladım. Daha sonra “Sabahın alimləri” müsabiqəsinə qatıldım və 3-cü yer tutdum”.

 

Ölkəmizdə onlayn və mobil oyunların hazırlanmasına marağın az olduğunu deyən həmsöhbətimiz dəfələrlə ölkəmizdə təşkil olunan sərgi və müsabiqələrə qatılıb: “Mən istəyirdim ki, hazırladığım oyunlarla Azərbaycanı təmsil edim və bu oyunlar başqa ölkələrdə də tanınsın. Mən istəyirdim ki, hazırladığım oyunda bayrağımız, milli musiqimiz, Azərbaycan nağıl personajlarından biri olsun. Mən də milli nağıl personajlarımızdan “Cırtdan”ı seçdim. Mən bu sahəni gələcəkdə daha da inkişaf etdirmək istəyirəm”.

 

Sahib deyir ki, oyunu maraqlı edən amillərdən biri də onun heç vaxt bitməməsidir. Milli musiqimizin fonunda “Cırtdan”ın maneələri dəf etməsi isə oyuna xüsusi gözəllik qatır: “Oyun ilk həftədə dünya üzrə TOP-20-yə girmişdi. Birinci həftədə hazırladığım oyunu 5 minə yaxın istifadəçi yükləyib. Sonra 2-3-cü həftələrdə Cırtdan oyunun yüklənmə sayı 10 minə qalxdı və dünya üzrə TOP-10-luqda birinci yerə yüksəldi. Oyun 2D formatında və sonsuz oyundur. “Cırtdan” həmişə irəliyə qaçır və burada siz maneələrdən, tonqalın üzərindən hobbanmalısınız. Beləcə xallar toplamalısınız”.

 

Gənc ixtiraçı deyir ki, hazırda bu sahədən o qədər də çox gəlir əldə edə bilmir. Qazandığı pul isə ancaq reklam gəlirləri hesabınadır: “Birinci oyunumu 13 yaşında hazırlamışdım. Bu oyun 2D platformasındadır və adı “Part of Survive” adlanır. Həmin oyunum “AppStore” reytinqlərində Azərbaycan üzrə 8-ci yeri tutmuşdu. Ondan sonra “Part of Survive 2” oyununu hazırladım. Daha sonra fikirləşdim ki, oyunlarımı beynəlxalq arenaya çıxarım. Ona görə də ağlıma “Cırtdan” ideyası gəldi. “Cırtdan” oyunu başqa ölkələrdə, əsasən də Avropa ölkələrində çox yüklənildi. Hazırda bunlardan başqa 5-6 oyunum da var. Oyunların içində reklamlar olur. Amma oyuna görə reklamlara çox az pul verirlər. Oyun 5-10 min yüklənilibsə, oyunun yaradıcısına qalan məbləğ cəmi 10 ABŞ dollarıdır”.

 

Məlumat üçün bildirək ki, 16 yaşlı Sahib Zülfüqar mobil oyunlarla yanaşı, digər robot texnologiyalarının da ixtiraçısıdır.

 

Həmidağa Məcidov,

Üzeyir Ağayev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv