Azərbaycanlıdan qeyri-adi ixtira: Daha piyadaları maşın vurmayacaq
Hər gün müxtəlif KİV-lərdə qəza xəbərlərini eşidir, oxuyuruq. Bu qəzalarda isə həm minlərlə insan həyatını və sağlamlığını itirir, həm də avtomobillər sıradan çıxır. Bəs bu qəzaları azaltmaq üçün nə edə bilərik? Bu sual hamı kimi Türkel Süleymanlını da düşündürüb. Amma o düşünməklə qalmayıb, insanların həyatını təhlükədən qurtarmaq üçün “piyada təhlükəsizlik işıqları adlanan qurğu” icad edib. Sürücü onu avtomobilinin arxa şüşəsinə yapışdırarsa, qurğu yolu keçən piyadanı görür və siqnalizasiya işə düşür. Bu zaman arxadakı avtomobilin sürücüsü də qarşıda piyadanın olması barədə məlumatlanır.
İxtiraçı deyir ki, qurğu sənaye istehsalından sonra lent şəklində olacaq və istifadəsi daha da asanlaşacaq.
Nəqliyyat eksperti Rövşən Həsənov da bu qurğunun sürücülər tərəfindən geniş istifadə edilməyinin vacibliyindən danışdı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, avtomobillərdə istifadəsinə qanunla icazə verilən qurğuların konkret adları bəllidir. Azərbaycanlı ixtıraçının icadı nə qədər təqdiredici olsa da, həmin cihazlar arasında deyil. Buna görə də, öncə vacibliyi geniş arealda təsdiqlənməli, bundan sonra kütləvi istehsal və istifadə hüququ qazanmalıdır.
Ekspertlər isə bu təsdiq proseslərinin uzun çəkdiyini bildirdilər. Buna görə də cəmiyyət üçün nə qədər faydalı olsa da, cihazın kütləvi istfadəsinə icazənin gec veriləcəyini düşünürlər.