Azərbaycanlılar niyə kütləvi şəkildə İğdıra axışır?
Elə bizimkilər də belə düşünür. Çünki Türkiyə lirəsi hər gün bir az da dəyər itirir. Qardaş ölkənin valyutasının bu qədər dəyər itirməsi arzulanmaz haldır təbii ki... Amma müqayisədə Azərbaycan manatının dəyər qazanması vətəndaşlarımız üçün yeni imkanlar yaradır. Ən əsas da alış-veriş məsələsində. İndi azərbaycanlılar kütləvi şəkildə sərhədə yaxın Iğdır şəhərinə axın edərək alış-veriş edirlər.
Gedə bilməyənlər isə bunu online şəkildə reallaşdırırlar. Elə müsahiblərimiz Orxanla Murad kimi...
Murad Umudlu deyir ki, lirənin düşməyinə görə qonşu dövlətə çox pis üzülürəm, amma buna baxmayaraq ölkəmizdə olan bahalı paltarları onlayn satış mağazalarından daha ucuz əldə edirəm deyə bu mənə daha çox sərf edir.
Orxan Mirzəyev də lirənin düşməsinə görə, istənilən geyimi daha ucuz əldə edə bilir: “Bu yaxınlarda bir hadisə başıma gəlmişdi, istəyirdim dəri gödəkcə alım, instagramda bir səhifədə görmüşdüm, qiymətini 450 manata demişdilər təxmini. Amma həmin markanı axtardım tapdım. Həmin marka özündə isə bizim pulla 150 manat idi, lirədən manata çevirəndə. Lirənin bu qədər düşməyinə baxmayaraq burada qiymətlər daha bahadır yəni endirimə salınmayıb. Amma bayaq da dediyim kimi onlayn almaq daha çox sərf edir”.
Elə ekspertlər də düşünür ki, bu hal azərbaycanlılar üçün xərcləri optimallaşdırmağa şərait yaradır. Xüsusən də sahibkarlar malları nisbətən daha ucuz qiymətə ölkəyə gətirməklə mənfəət normasını yüksəltmək, pandemiya dövründə yaranan zərəri kompensasiya etmək kimi bir neçə imkanlar əldə edirlər.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu gün TL-nin qiymətinə baxmış olsaq biz görürük ki, indi birjalarda Türkiyə Lirəsi 3,9 yəni 4 faizə yaxın ucuzlaşıb: “Buda o deməkdir ki, əgər qısa müddətli dövrdə Azərbaycan vətəndaşı Türkiyədə hər hansı bir fəaliyyətlə məşğul olsa, biznes qursa, məhsul alsa, xidmət alsa, bu ötən günlə müqayisədə 4 faiz daha ucuz başa gələcək. Əgər biz nisbətən geniş müddətlə baxsaq məsələyə təxminən Türkiyə Lirəsi bir il ərzində 65 faiz dəyər itirib. Və inflyasiya səviyyəsi bu ölkədə 21 faiz Türkiyə statistik qurumu tərəfindən açıqlanıbdır. Bu o deməkdir ki, bu gün təxminən bu 1 il ərzində müqayisə aparmış olsaq, Azərbaycanlıların Türkiyədə həyata keçirdiyi hər hansısa bir akt, hər hansısa bir sahibkarlıq fəaliyyəti, hər hansısa bir mal və xidmətin alışı real dəyər ifadəsində 40 faiz əvvəlki qiymətlə müqayisədə daha ucuz başa gələ bilər”.
İndi Azərbaycan insanını düşündürən əsas suallardan biri də budur ki, qardaş ölkədə gedən proseslər bizim də qapımızı döyə bilərmi? Manat dəyərdən düşərmi?
Rəşad Həsənov isə deyir ki, ən azı 2025-ə qədər manatın məzənnəsi 1.70 səviyyəsində saxlanılacaq: “Bu onu deməyə əsas verir ki, hələlik Azərbaycanda yalnız xarici fluktasiyalardan yaranmış, xarici bazarlarda yaranmış situasiyadan qaynaqlanan inflyasiya təzyiqləri olsa belə əsas xarici siyasət tərəfdaşlarında valyutaların məsələn həm İranda həm Türkiyədə həm Rusiyada valyutaların ucuzlaşmasında təzyiqlər yaransa belə digər tərəfdən Azərbaycan əhalisinin pandemiya nəticəsində alıcılıq gücünün azaldılması kimi məsələlər manatın məzənnəsinin dəyişməsindən sonraki dövrdə, Azərbaycanda ümumi aktivlərin dəyərinin 2 dəfədən artıq ucuzlaşması kimi faktorlar bugünki siyasətin davam etdirilməsinə imkan yaradır, yəni qısamüddətli dövrdə Azərbaycan iqtisadiyyatı üçün ciddi risk yoxdur. Qarabağın bərpası prosesi isə iqtisadi aktivliyin müəyyən qədər dəstəkləyən faktor kimi çıxış edəcəkdir”.
Ekspert onu da söylədi ki, manatın məzənnəsinin formalaşmasında 80-85 faizlik faktorlar məhz neftin qiymətindən asılıdır. Əgər bu gün neft büdcədə nəzərdə tutduğundan 80-90 faiz, növbəti il üçün isə 60 faiz daha baha satılırsa, deməli hələ ki, manatın dəyərdən düşməsindən söhbət gedə bilməz.
Aytən Sakitqızı,
Ceyhun Mustafayev,
APA TV