“AzerGold” QSC-nin Gəncə və Daşkəsəndə yeni zavodları sınaq rejimində fəaliyyətə başladı

Gəncədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən inşa olunan ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodu sınaq rejimində fəaliyyətə başlayıb. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “AzerBlast” MMC-nin özəl tərəfdaşı olan “DM Service” şirkətinin nümayəndəsi, eləcə də Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirliklərinin nümayəndələrinin iştirakı ilə müəssisəyə baxış keçirilib. Tədbir iştirakçıları dövlət-özəl tərəfdaşlıq modeli əsasında təsis olunan “AzerBlast” MMC-nin ölkəmizdə mülki partlayıcı maddələrə artan tələbatın qarşılanması, idxaldan asılılığın aradan qaldırılması məqsədilə istifadəyə verdiyi müəssisədə yaradılan şəraitlə tanış olublar. İlkin mərhələdə 35 nəfərlik işçi heyəti ilə işə başlayacaq müəssisədə istehsalatın aktiv dövründə əməkdaşların sayının 65 nəfərədək artırılması nəzərdə tutulub. Qeyd edək ki, Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu layihəsinə 15 milyon manat məbləğində sərmayə qoyulub. Sözügedən vəsait dövlət büdcəsinə əlavə yük yaratmadan, “AzerBlast” MMC-nin təsisçiləri tərəfindən təmin edilib. Daha sonra “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Çəndə Qələviləşdirmə Zavodu sınaq rejimində istifadəyə verilib. Xatırladaq ki, “AzerGold” QSC tərəfindən Çəndə Qələviləşdirmə Zavodunun inşası üçün tələb olunan 236 milyon manata yaxın vəsait daxili imkanlar hesabına təmin edilib. Bölgələrdə iqtisadi aktivliyin, əhalinin məşğulluğunun artırılmasına əlavə töhfə hesab edilən layihənin icrası ilə daha 101 nəfərlik daimi iş yeri yaradılıb. Bununla “Çovdar” layihəsinin birbaşa və dolayı effekti nəzərə alınmaqla regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 1600 nəfərə çatıb.

Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV

Müəllif | Apa.Tv
Apa.tv