15:59 23 sentyabr 2022 127
Ana səhifə Xəbərlər

"Azəriqaz"ın xidmətlərindən istifadə asanlaşır

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin yeni veb-saytı bu gün fəaliyyətə başlayıb.

 

APA TV-nin məlumatına görə, bu barədə bu gün media və QHT-lər üçün keçirilən "Açıq qapı" aksiyasında birliyin Baş direktoru Ruslan Əliyev bildirib: “Saytda qurumda işləmək istəyənlər üçün karyera bölməsi olacaq. Saytda həmçinin mobil çat da olacaq ki, bu da verilən suallara daha tez cavab verilməsinə xidmət göstərəcək. Burada "Azəriqaz"ın bütün regionlarda fəaliyyət göstərən bölmələrinin ünvan və telefon nömrələri olacaq. Saytda həmçinin bütün sosial şəbəkələrə çıxış mövcuddur”.

 

Ruslan Əliyevin sözlərinə görə, artıq "ASAN Xidmət" vasitəsilə həyata keçirilən 22 elektron xidmətlərindən 8-i bu sayt üzərindən həyata keçiriləcək. Sayt üzərindən abonentlər mövcud borclarını, istifadə etdikləri təbii qaz üzrə limiti keçib-keçmədiklərini öyrənə, həmçinin mövcud borclarının ödənişini həyata keçirə biləcəklər.  Bundan əlavə, yeni veb-sayt hazırlanarkən gözdən əlillər də nəzərə alınıb.

Sayt təqdimatından sonra, jurnalistlərin suallarını cavablandıran zaman Ruslan Əliyev bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi çalışacaq ki, qarşıdan gələn payız-qış mövsümündə abonentlər qazın təzyiqi ilə bağlı problem yaşamasınlar.

Görüş zamanı Ruslan Əliyev son aylarda “Azəristiliktəchizat” tərəfindən ödənişlərdə böyük tendensiyanın olduğunu da qeyd edib. Baş direktor “Azəriqaz” İB tərəfindən 2022-2023-cü illər üzrə istilik mövsümündə qazanxanaların mavi yanacaqla təmin olunmasında heç bir problemin olmadığını deyib. Həmçinin güman edilir ki, bu il “Azəristiliktəchizat” sayğaclaşdırma prosesini həyata keçirdiyi üçün, qaza olan tələbatları da azalsın: “Bizim o qurumla görüşümüzdə də deyildi ki, sayğac quraşdırmağın ən vacib səbəblərindən biri abonentlərə fərdi yanaşmaq və qaz sərfiyyatını azaltmaqdır. Çünki "Azəristiliktəchizat"ın qaz sərfiyyatının azalması onların daha çox borc yaranmasının qarşısını alacaq”.

 

Qeyd edək ki. "Azəristiliktəchizat" "Azəriqaz"a olan debitor borcunun 70 %-ni artıq ödəyib. Qurumun "Azəriqaz"a ümumi borcu 41 mln. manat təşkil edirdi.

Semral Cavad,

Xəyal İskəndərov,
APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın