“Azərişıq” ASC-nin üç əməkdaşı güllələndi - MASALLIDA
Masallıda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.
Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu üstündə yaranmış mübahisə nəticəsində “Azərişıq” ASC-nin 3 əməkdaşına ov tüfəngindən güllə atıb. Açılan atəş nəticəsində 2 nəfər cüzi xəsarət alıb, lakin 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ona sol körpücük nahiyənin dəlib-keçən güllə yarası diaqnozu qoyulub və əməliyyatdan sonra vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.