“Azərsu” əməkdaşları artıq qapınızı döyməyəcək – ONLAYN ÖDƏNİŞDƏ YENİLİKLƏR
“Azərsu” ASC koronavirus pandemiyasına görə əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirərək, mexaniki sayğacların göstəricilərinin ona baxış keçirməklə oxunmasını müvəqqəti dayandırıb.
APA TV-nin məlumatına görə, bu səbəbdən qurumun saytında “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidməti istifadəyə verilib.
Bu xidmətin köməyi ilə vətəndaşlar mexaniki sayğacların göstəricilərini daha rahat şəkildə təqdim edə və bildirişləri elektron qaydada əldə edə biləcəklər.
Qurumun nümayəndəsi Emil Əhmədovun sözlərinə görə, əhali istehlakçıları üzrə sayğacların oxunması və hesab fakturanın təqdim edilməsi xidməti 2018-ci ildən etibarən aktivdir. Lakin həmin proses elektron hökumət portalı üzərindən həyata keçirilirdi. Bunun üçün də portalda xüsusi giriş və icazə prosedurları tələb olunurdu. Pandemiya dövründə bu proses daha sadə və əlçatan olması üçün “Facebook” üzərindən həyata keçirilir.
Artıq hər bir abonent rahat şəkildə heç bir məhdudiyyət olmadan xidmətdən istifadə etmək üçün cəmiyyətin “Facebook” səhifəsinə daxil olub, (AZERSU OJSC) mesaj bölməsində həmin fəaliyyət növündən istifadə edə bilər. Bunun üçün abonent əvvəlcə “Ana menyu”, sonra “Sayğac göstəricilərinin elektron təqdim edilməsi” xidmətini seçməlidir. Növbəti mərhələdə xidmət üzrə aparılan əməliyyat üçün tələb olunan məlumatlar aşağıda göstərilən ardıcıllıqla sistemə daxil edilir:
1. Abonentin e-mail ünvanı.
2. Mobil telefon nömrəsi.
3. Şəxsiyyət vəsiqəsinin FİN kodu.
4. Abonent kodu.
5. Sayğac göstəriciləri.
“Azərsu” ASC-NİN Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Emil Əhmədov deyir ki, beşinci əməliyyat aparılarkən əvvəlcə sayğacın nömrəsi qeyd olunur: “Burada sayğacın son göstəricisi, oxunma tarixi göstərilir və sayğacın şəkli daxil edilir. Sistemə daxil edilmiş məlumatlar (xüsusilə abonent kodu) doğru, əlaqə vasitələri isə aktiv olmalıdır. Müraciət qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə icraya yönləndirilir. Daxil olan müraciətlər əsasında faktura yaradılır. Bundan sonra abonentin həm elektron poçt ünvanına, həm də mobil telefonuna müraciətin icra olunması haqda məlumat və SMS bildiriş göndərilir”.
Bundan sonra abonent www.azersu.az saytında “Elektron faktura” elektron xidmətindən istifadə etməklə abonent kodunu daxil edərək fakturanı görür və elə həmin pəncərədən onlayn ödənişə keçməklə borcunu ödəyə bilər.
Bununla yanaşı, “Azərsu” ASC dünəndən etibarən yeni “Elektron faktura” xidmətini abonentlərin ixtiyarına verib: “Sayğac oxunmadığı üçün avtomatik olaraq sistem tərəfindən orta aylıq sərfiyyat formalaşdırılır. Abonentin qapısında bildiriş olmasa belə o, rahat şəkildə sayca 19-cu xidmətimiz yəni, Elektron faktura xidmətinə daxil olmaqla öz abonent kodunu daxil edir, ən son fakturasını əldə etmiş olur”.
Daxil edilmiş abonent koduna uyğun faktura məlumatı sol paneldə təqdim olunur. Növbəti pəncərədə abonent “PDF yüklə”, “Çap et” və “Onlayn ödə” bölməsini seçmək hüququnu qazanır ki, buradan fakturanı PDF, çap formatında əldə edə və onlayn ödəyə bilər. Fakturaların hər ay əldə olunması üçün “Abunə ol” seçimi verilməklə daxil edilməsi zəruri olan məlumatlar paneli göstərilir. Bunun üçün birinci növbədə FİN kodu daxil edib, “Təsdiq et” seçimi verilməlidir. Növbəti addımda mobil telefon nömrəsi daxil edilməli və təsdiq et seçimi verilməlidir. Bundan sonra mobil telefonunuza SMS vasitəsilə gələn təhlükəsizlik kodunu müvafiq xanaya daxil etməli və “Təsdiq et” seçimi verilməlidir. Daha sonra elektron poçt ünvanı daxil edilməli və “Davam et” seçimi verilməlidir. Bu təsdiq əməliyyatı aparıldıqdan sonra fakturaların hər ay göndərilməsi xidməti təmin olunacaq. Xidmətin dayandırılması üçün isə “Elektron faktura göndərilsinmi?” seçimində “Xeyr” seçimini vermək lazımdır. Sonra telefona göndərilən təhlükəsizlik kodu müvafiq xanaya daxil edilməli və “Təsdiq et” seçimi verilməlidir. Bu seçimdən sonra fakturaların hər ay göndərilməsi xidməti dayandırılır.
İstehlakçılar göstərilən xidmətdən istənilən platformadan qoşularaq istifadə edə bilər.
Qurumdan verilən statistik göstəricilərə əsasən, “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” xidməti aktivləşən andan artıq 160 nəfər, “Elektron faktura” xidməti üzrə isə 120 nəfər “Facebook” üzərindən müraciət edib ki, onların da 40 faizi aylıq abunəçi kimi qeydiyyatdan keçib.