“Azərsu” suyun bahalaşma səbəblərinə aydınlıq gətirdi

“Görülmüş işlər nəticəsində və istehlakçıların sayının artmasına baxmayaraq, hazırda Bakı şəhərində istehlakçıların 80%-dən çoxu 24 saat fasiləsiz su ilə təmin olunma imkanına malikdir”.

 

APA TV xəbər verir ki, bunu “Azərsu” ASC-nin Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli bugünkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tariflərin artırılması istehlakçıları su ilə təmin olunmasını yaxşılaşdıracaq.

 

O bildirib ki, son illərdə fasiləsiz su təchizatı 80%-dən çoxdur və Sovet dövründə Bakının layihələndirilmiş və dizayn olunmuş qurğuları bu imkana hesablanmamışdı.

 

Artımın səbəblərindən danışan "Azərsu" ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov deyib ki, istifadə müddəti bitən iri infrastruktur layihələrinin təmirinə ASC tərəfindən çox az vəsait sərf olunur: "Bizim istehsal xərclərinin maya dəyərinin 3-5%-i təmir xərclərinə sərf olunur. Bu da uzunmüddətli dövrdə iri infrastruktur layihələrinin istismar müddətini tamamlanmasına, onların istismarının əlverişsizliyinə gətirib çıxarır və bu məqsədlə tariflərin artırılması zəruri hala çevrilir. Eyni zamanda tariflərin artırılmasında başlıca məqsəd, korporativ məqsədlərlə yanaşı, istehlakçılar tərəfindən suya israfçılığın qarşısının alınmasıdır”.

 

“Azərsu” ASC tərəfindən mexaniki sayğaclarda yeni tariflərin necə hesablanacağına dair məsələyə də aydınlıq gətirilib: “Sayğacın ilk və son göstəriciləri oxunacaq, bu tarixlər arasındakı günlər götürüləcək və orta-günlük sərfiyyat hesablanacaq. Tutaq ki, bu 30 gündürsə və 30 kub su sərf olunubsa, deməli günə 1 kub hesablanacaq. Sayğac oxunanda da neçə gün yanvara düşübsə, köhnə tariflərlə, neçə gün fevrala düşübsə, təzə tariflərlə hesablanacaq”.

 

Qeyd olunub ki, abunəçi və qurum arasında yaranmış hər hansı problem vətəndaşın xeyrinə həll olunacaq.

 

İslam Qədirli

Faiq Həsənov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv