AZPROMO-da onlayn brifinq keçirilib
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Azərbaycan məhsullarının ixracının artırılması, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair onlayn formatda brifinq keçirilib.
APA TV xəbər verir ki, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, qeyri-neft məhsullarının ixracı və dəstəklənməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2020-ci ilin əvvəlindən Azərbaycan şirkətləri Almaniyada “Beynəlxalq Yaşıl Həftə 2020”, Rusiyada “Prodexpo 2020”, BƏƏ-də “Gulfood 2020” sərgilərində iştirak edib, Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunub.
Bildirilib ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviq Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri cari ilin 22-25 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək “Worldfood 2020” beynəlxalq ərzaq sərgisində iştirak edəcək.
Bundan əlavə, 2020-ci ilin sonunadək Azərbaycan sahibkarlarının Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “3-cü Çin Beynəlxalq İdxal” ərzaq sərgisində iştirakı da nəzərdə tutulur.
Tədbirdə məlumat verilib ki, 2020-ci ilin yanvar-avqust aylarında ixrac təşviqinin ödənilməsi ilə bağlı daxil olan müraciətlər əsasında 80 sahibkarlıq subyektinə 6,3 milyon manatdan çox ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək sahibkarlara 23,2 milyon manatdan artıq ixrac təşviqi verilib.