Aztəminatlı gənclərin təhsil xərclərini qarşılamaq üçün müsabiqə elan edilib

Gənclər Fondu sosial müdafiəyə ehtiyacı olan gənclərin təhsil xərclərini qarşılamaq üçün müsabiqə elan edib.

 

APA TV xəbər verir ki, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, bu günədək Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilib, minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilib: “Məlumdur ki, bu günlərdə ölkəmiz istər cəbhədə, istərsə də düşmənlə mübarizə apardığı bir zamanda cənab Prezidentin göstərişi ilə gənclərimizin təhsili, inkişafı diqqət mərkəzində saxlanılır. Bu göstərişə uyğun olaraq fond tərəfindən artıq 3-cü dəfədir ki, müsabiqə elan olunub. Müsabiqədə inkişaf etmək istəyən gənclərimiz Gənclər Fondunun internet səhifəsi vasitəsi ilə, eyni zamanda, “GəncAPP” mobil tətbiqinə müraciət edə bilərlər”.

 

Müsabiqədə Milli qəhrəmanların övladlarına, fiziki məhdudiyyətli, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan valideynlərindən biri I və ya II qrup əlil olan və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcək: “Digər bir məqam xüsusilə də sosial həssas kateqoriyadan olan gənclərə üstünlük verilməsidir. Lakin bu bir müsabiqədir, avtomatik olaraq həmin kateqoriyadan olan gənclərin ödənişinin həyata keçirilməsi anlamına gəlmir. Həmçinin qeyd etmək istəyirəm ki, hər hansı bir sualları yarandığı təqdirdə, hər hansı bir sənədi əldə etməkdə çətinlik yarandıqda, fondun qaynar xəttində olan telefon nömrələri ilə əlaqə saxlasınlar”.

 

Müsabiqədə iştirak etmək üçün müraciətlər 30 noyabr 2020-ci il saat 18:00-dək qəbul ediləcək. Bu tarixdən sonra növbəti 2-3 həftə ərzində qiymətləndirmə aparılacaq. Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində paylaşılacaq.

 

Fatma Zahidqızı

Üzeyir Ağayev

Müəllif | Apa.Tv
Apa.tv