AzTV-nin 6, İTV-nin isə 2 əməkdaşında koronavirus aşkarlandı
“Əməkdaşlarımız arasında altı nəfər koronavirusa yoluxub”.
Bunu APA TV-yə açıqlamasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.
O bildirib ki, Televiziya Akademiyası da AzTV-nin nəzdində olduğu üçün altı nəfərə orada çalışan əməkdaşlar da daxildir.
Nərgiz Rəfiyeva bununla bağlı ciddi nəzarətin aparıldığını və hərarəti olanların dərhal geri göndərildiyini qeyd edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətində də yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib, onlardan ikisində nümunələr pozitiv çıxıb.
Kanalın İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında bildirilir ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.
Məlumatda o da qeyd olunub ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.