Azyaşlı uşaqlar ögey analarının işgəncələrinə məruz qalıb? – POLİS ARAŞDIRMAYA BAŞLADI
Astarada azyaşlı bacı-qardaş işgəncələrə məruz qalıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, dəhşətli hadisə rayonun Ərçivan qəsəbəsində Məmmədovlar ailəsində baş verib. Belə ki, bu gün yayılan videogörüntülərdə işgəncəyə məruz qalmış azyaşlı uşaqların aldıqları xəsarətlər əks olunub. Bu barədə dünən uşaqların əmisi DİN-in 102 zəng mərkəzinə müraciət edib.
Azyaşlılara edilən işgəncələri isə ilk dəfə uşaqların dayısı və xalası hiss edib. Belə ki, rəhmətə gedən bacılarının övladlarının üzünü uzun müddətdir görməyən xala və dayı onlarla görüşən zaman bədənlərində xəsarətlərin olduğunu görüblər.
Uşağın əlinə od, ya qaşıq yandırıb qoyublar, bilmək olmur, sümüyünə kimi keçib. Qız uşağı nə ilə vurulubsa, böyrəyindən tutmuş dizinə kimi gömgöydür, fakt şəkildə də var…. Həmçinin oğlan da ki, yemək söhbəti onlarda yoxdur, heç hamama da girməyiblər, aylarla bəlkə uşaq çimməyib. Ürəyim yanır bir dayı kimi, insan kimi.
Hər ikisi ikinci dəfə ailə quran Cavid Məmmədov və Sevinc Mirzəyeva 4 ilə yaxındır ki, birgə yaşayırlar. Cavid Məmmədovun Xoşqədəm Nağıyeva ilə ilk nikahından 10 yaşlı Əlihəsən və 6 yaşlı Rüqəyya adlı övladı var. Belə ki, Rüqəyyanı dünyaya gətirərkən anası vəfat edib. Uşaqların nənəsi Rəvayət Şeyxova iddia edir ki, 2016-cı ildə Cavid Məmmədov Sevinc Mirzəyeva ilə ailə qurduqdan sonra evdə olan iki azyaşlı uşağa şiddət göstərməyə başlayıb.
Analığı verir işgəncəni, uşaq özü də bu gün müstəntiq üçün də danışıbdır, dalındakı ləkələri də göstəribdir…… Gecə saat 2-də gəlib, uşağın əllərini çarpayının yuxarısına bağlayıb, səhərə qədər açmayıb. Bilmirəm nəyə görə ona belə cəzanı verib. Ata deyir ki, mən eləmişəm, uşaqlar özü də danışırdı ki, ata eləməyib, ana eləyib, ata öz boynuna götürüb, mən anadan qorxuram, gedəcəyəm evə məni döyəcək.
Rəvayət nənə deyir ki, ikinci gəlini əvvəlki gəlininin övladlarına yaxşı davranmır. Sevinc öz doğma övladına hər cür qayğı göstərsə də, digər iki uşağı bundan mərhum edib.
Soyuducuya iki açar vurmuşdu, mən indiyə qədər belə bir şey görməmişdim. Öz uşağına həmişə necə meyvə lazımdır, yoqurtlar verirdi, ancaq uşaqlara yox. Ata verirdi yeməyi….. Bir il bundan qabaq da uşağı itələmişdi, uşağın qabırğası girmişdi paltarasana, piyi çıxmışdı. Onda da telefonlarda uşağın şəklini çəkdilər, qoydular.
Oxşar faktlarla bağlı dəfələrlə polisə şikayət olunsa da, uşaqlar ata həyatda olduğuna görə onun himayəsinə verilib. Az yaşlılara nənələri qəyyumluq etmək istəsə də, ata və ögey ana buna razılıq vermirlər. Dayı isə uşaqların nənənin himayəsinə verilməsini istəmir, çünki onlar bir qapı qonşudurlar və hər an eyni hal təkrarlana bilər.
Məsələ ilə bağlı uşaqların atası ilə danışmaq istəsək də, o müsahibədən boyun qaçıraraq ekspertizanın rəyini gözlədiyini bildirdi.
Qeyd edək ki, məsələ ilə bağlı edilmiş müraciətə dərhal reaksiya verilib və Astara Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gediblər. Müvafiq məhkəmə-tibbi ekspertizasının təyin olunması haqqında qərar qəbul edilib. Hazırda faktla bağlı Astara Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma davam etdirilir.