Azyaşlının pulunu alıb, təhdid elədi
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, araşdırmalar zamanı onun Astara rayon sakini, əvvəllər məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Fəqan Məmmədov bildirib ki, hadisəni Pedaqoji Kollecin yanında edib: “Pedaqoji Kollecin yanından keçərkən bir nəfərə yaxınlaşdım. Dedim pul lazımdır, çıxartdı 2 manat. Təzədən pulqabıda 5 manat pul var idi.Onu da aldım. Qorxutdum ki, heç kimə deməyəsən. Səhər polis əməkdaşları məni tutdular.”
Fəqan Məmmədov saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Astara