Babadağ ərazisində itkin düşən şəxslərdən birinin meyiti tapılıb

 

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, itkin düşən 4 nəfərdən birinin meyiti tapılıb, 3 nəfərin xilas olunması üçün işlər görülür. Dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA TV-nin yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşları, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəllüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər. Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Hazırda xilasetmə işləri görülür.

Müəllif | Apa.Tv
Apa.tv