Babək haradadır? - 11 ildir Bakıda tıxac yaradırmış – APA TV

Babək prospektindəyik. Məndən arxada olan bu yarımtikilinin nə olduğunu kimsə bilmir. Hardasa 5 ildən yuxarıdır burada Babəkin heykəlinin qoyulması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

 

Postament üçün yer 5 ildir ayrılsa da, görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam 11 il öncə imzalanıb. Ancaq sərəncam hələ də icra olunmayıb.

 

Heykəlin memarı Xalq rəssamı Cəlil Hüseynovdur. Müəllifi isə Xalq rəssamı Arif Qazıyev. Arif Qazıyev müəllifi olduğu heykəlin ucaldıldığını görmədən əbədiyyətə qovuşdu.

 

İndi isə başqa reallıq yaranıb. Nə vaxtsa ucaldılacaq, yaxud da heç vaxt ucaldılmayacaq heykəlin yeri Babək prospektində əməlli-başlı problem yaradır. Həm şəhərin görünüşünə ciddi xələl gətirir, həm də prospektdə saatlarla tıxacların yaranmasına səbəb olur. Çünki postament üçün ərazi ayrılarkən yol daraldılıb.

 

Bəs bu heykəlin aqibəti necə olacaq? Biz görmədik görmədik, heç olmasa gələcək nəsillərin bu ərazidə heykəl görmək ehtimalı varmı? Yoxsa postament bu yoldan istifadə edən saysız-hesabsız insana əzab vermək üçün qurulub?

 

Suallarımıza cavab tapmaq üçün aidiyyəti qurumlara üz tutduq. Məlum oldu ki, heykəl məsələsini çoxdan unudublar, hətta bunu kimin edəcəyini belə bilmirlər.

 

Məsələn Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, onların işi təkcə postamenti qoymaqdır. Bunu da çoxdan ediblər. Qalıb Mədəniyyət Nazirliyinin heykəli ucaltması. Nazirlikdən isə dedilər ki, məsələ onların səlahiyyəti daxilində deyil və ölkə başçısının sərəncamında bu məsələnin icrası Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub. Təzədən icra hakimiyyəti ilə əlaqə saxlasaq da, eyni cavabı aldıq.

 

Xırda araşdırmadan sonra məlum oldu ki, heykəlin maliyələşməsini SOCAR öz üzərinə götürübmüş. “11 ildir niyə pul ayrılmır” sualı ilə SOCAR-a üz tutduq. Qurumdan bidirildi ki, qısa zamanda sorğumuza cavab göndəriləcək. Dedikləri “qısa zaman” 5 günü keçdi, ancaq suallarımıza cavab ala bilmədik ki, bilmədik. İçimizdə bir şübhə də yarandı ki, bəlkə SOCAR-ın zaman anlayışı fərqlidir. Məsələn, onlarda 11 il 11 dəqiqə kimi keçir. Ancaq təəssüf ki, bu şübhəmizin gerçək olub-olmadığını da öyrənə bilməyəcəyik. Çünki yenidən sorğu yollasaq, cavab almağa ömrümüzün yetib-yetməyəcəyini bilmirik.

 

Nə deyək... Əziz bakılılar və şəhərimizin qonaqları, hələlik xəyalınızda Babəkə heykəl qoyun. Üzü şəhərə tərəf dayanıb, ayağının altında da budaq formasında postament. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr.

Necə də gözəl görünür, elə deyilmi?

Müəllif | Apa.Tv
Apa.tv