Badamdar qəsəbəsində sürüşmə hadisəsi baş verib

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində növbəti sürüşmə hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən APA TV- yə bildirib ki, 8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib. Hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov sürüşmə hadisəsi baş verən əraziyə gəlib.

Vüqar Zeynalov bildirib ki, Badamdar qəsəbəsi ərazisində yerləşən sürüşmə zonasında yenidən aktivləşmə olub. Hazırda araşdırma aparılır. Aidiyyəti qurumlar tərəfindən əlavə məlumat veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov Badamdar sürüşmə sahəsinə baxış keçirildiyini bildirib: “Əraziyə baxış zamanı məlum olub ki, 28 yanvarda baş verən sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillər, əsasən də son zamanlar atmosfer yağıntıların nəticəsində  yerinin dəyişməsi qeydə alınıb. Əslində qruntun yer dəyişməsi ümumilikdə sürüşmə prosesini aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu sadəcə dayanıqlılığı pozulmuş süxur kütləsinin yer dəyişməsi kimi qiymətləndirilir”.

 

Müəllif | Apa.Tv
Apa.tv