Badamdarda 5 nəfər dəm qazından boğuldu

Bu gün günorta saatlarında Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb. Hadisə 16 yaşlı Atilla Rəşad oğlu Əliyev və 17 yaşlı Lətif Rəşad oğlu Əliyevin yaşadığı mənzildə baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib.

 

APA TV-nin xəbərinə görə, Əliyev qardaşları ilə yanaşı, mənzildə 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovun da meyiti aşkarlanıb.

 

Vəfat edən beşinci şəxs - Natiq Səfərov isə Beyləqan rayon sakini olub və həmin evdə usta kimi çalışırmış.

 

Qeyd edək ki, vəfat edən şəxslər Şəmkir rayon sakini olan Allahverdiyev qardaşları və Beyləqan rayon sakini olan Əliyev qardaşlarıdır. Onların ataları dost və Birinci Qarabağ müharibəsinin iştirakçıları olublar. Mərhum Lətif Əliyev Texniki Universitetin birinci kurs tələbəsi olub. 11-ci sinif şagirdi olan qardaşı Atilla Əliyev isə ali məktəbə hazırlaşırmış. 

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

 

İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Hazırda cinayətin səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

İlahə Vəliyeva

Əli Ələkbər

APA TV 

 

 

Müəllif | Apa.Tv
Apa.tv