Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlandı
Badamdarla 20-ci sahə arasındakı magistral yolda baş verən sürüşmə hadisəsi hələ də davam edir. Hazırda sürüşmənin qarşısının alınması üçün nəzərdə tutulan üç quyu var ki, gördüyünüz bu quyu da həmin quyulardan biridir və bu dəqiqə bütün proses tam sürətlə davam edir.
Uzun müddətdir Badamdar yamacında Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbərliyi və mütəxəssislərin iştirakı ilə tədqiqat işləri aparılır. Tədqiqatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin və Yaponiya şirkətlərinin mütəxəssisləri iştirak edirlər.
APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli deyib. O bildirib ki, tədqiqatlardan sonra nəticələr araşdırılıb və nazirliyin Azərinşaat Layihə İnstitutu və Yaponiya şirkətləri tərəfindən bu yamacın problemlərini birdəfəlik həll etmək üçün kompleks tədbirlər layihəsi işlənilib: “Artıq layihənin həyata keçirilməsinə başlanılıb. Layihə mərhələli şəkildə aparılacaq. Hələ ki, yamacın üst hissəsindəyik. Burada layihə üzrə 3 drenaj quyusunun qazılması nəzərdə tutulub. Bu quyuların hər birinin dərinliyi 30, diametri 3.5 metr, quyular arasındakı məsafə 42-50 metrdir. Məqsəd yamaca daxil olan suları kənarlaşdırmaqdır”.
Paralel olaraq yamacda terraslaşma işlərinin də aparılacağını bildirən Rəis müavini bu işlərin quyular müəyyən qədər qazılandan və sular bir qədər kənarlaşdırıldıqdan sonra başlanacağını qeyd edib. Onun sözlərinə görə, nəzərdə tutulan 4 terrasın səthi dəmir betonla örtülüb, xüsusi dəmir beton ankerlər vasitəsilə bərkidiləcək. Bundan sonra isə Badamdar – 20-ci sahə yolunun sağ tərəfində uzunluğu təqribən 1200 metr olan qoruyucu beton divar inşa ediləcək. Sonda yamacda yaşıllaşdırma işləri aparılacaq. Əsas məsələ yamacın stabilliyini təmin etməkdir: “Bunun üçün ilk növbədə sürüşməyə səbəb olan yeraltı sular tənzimlənməlidir. Əsas məsələmiz budur. Qurğular Yaponiyadan gətirilib. Quyulara bərkidiləcək lövhələr onun divarlarının dağılmaması üçündür. Quyulara pilləkənlər, xüsusi nasoslar qoyulacaq. Su səviyyəsi qalxdıqca operativ şəkildə sahədən kənarlaşdırılacaq. O zaman sahədə heç bir təhlükə olmayacaq. Digər işlər də paralel olaraq gedəcək”.
Rəis müavini həm də tikintini yerli şirkətlərin həyata keçirdiyi və yollar bağlı olduğundan yapon mütəxəssislərin bu işlərə onlayn şəkildə nəzarət etdiyini də bildirib. Onlarla görülən işlər haqqında isə daim məsləhətləşmələr aparılır.
Mir Çingiz Ağazadə,
Üzeyir Ağayev
APA TV