Badamdarda yenə sürüşmə oldu, yol bağlandı - HADİSƏ YERİNDƏN

Paytaxtın Səbail rayonu ərazisində sürüşmə baş verib.

APA TV-nin məlumatına görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Sürüşmədən yaranan, eni təxminən 80-100 metrə çatan torpaq kütləsi yaxınlıqdakı evlərə zərər vurmayıb. Badamdardan 20-ci sahəyə gedən yol isə tamamilə bağlanıb.

Hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirdi ki, ərazidə sürüşmə dəfələrlə qeydə alınıb: “Dayandığımız bu ərazidə 2018-ci ilin oktyabr ayında da sürüşmə prosesi baş verib. O vaxt həmin ərazidə mütəmadi olaraq araşdırmalar, monitorinqlər aparılır. Bu gün səhər saatlarında sürüşmə kütləsinin üzərində yenidən aktivləşmə qeydə alınıb. Təxminən 80 metr enində kütlə 100 metrə qədər məsafədə, yamac istiqamətində axaraq Badamdar - 20-ci sahə arasındakı magistral yolu tamamilə bağlayıb”.

Sürüşmə ərazisinə yaxın yaşayanlara gəlincə...

“Son payız qış-mövsümündə yağışların intensiv olması, kütlənin ağırlaşması yenidən bu prosesin baş verməsinə rəvac verib. Hazırda bu ərazidə tərəfimizdən araşdırmalara başlanıb. Sürüşmənin arealı, hadisənin baş vermə səbəbləri araşdırılaraq mətbuata məlumat veriləcək. Göründüyü kimi yaşayış evləri sürüşmə zonasından xeyli aralıdır. Hazırda burada yaşayanlar üçün heç bir təhlükə gözlənilmir”.

Hadisə baş verən əraziyə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və ETSN-nin əməkdaşları baxış keçirib. Sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasedici qrupları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları da olub.

Həmidağa Məcidov, Əli Ələkbər APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv