Bahalı telefon və noutbuklarını girov qoyanlar çoxalır
İnsanlar təcili ehtiyacları yarananda lombard kreditlərindən yararlanırlar. Lombardlara girov müqavilində qızıl, maşınla bərabər, hətta mobil telefon, notbuk da qoyub pul götürmək olur. Bu təkliflə çıxış edən lombardların sayı artır. Bu cür elanlar lombardlar tərəfindən sosial şəbəkələrdə də yayılır. Son dövrdə belə müraciətlərin sayı artıb. Lombard dedikdə ilk ağıla gələn qızıl girovu olsa da bu o demək deyil ki, lombarda girov qoyulan əşya yalnız qızıl olmalıdır. Lombardların fəaliyyətinin əsasını məhz pul müqabilində qiymətli əşyaların girov qoyulması təşkil edir. Ekspert deyir ki, buna görə də lombardlar digər girov əşyalar qarşılığında da pul verirlər. Və lombardlar adətən saxlamağı mümkün olan əşyaları girov götürülər. Nəticədə lombardlar üçün qızıl müqabilində dəyərinə və saxlanma rahatlığına görə kredit vermək daha münasib olsa da, reallıq bundan ibarətdir ki, qızıl-zinət əşyası olmayan hər bir vətəndaşın indiki dövrdə mütləq mobil telefonu, notbuku və digər cihazları var. Belə yanaşma lombardlara müraciət edənlərin sayını tədricən artıracaq. Lakin lombarda girov qoyulan cihazdakı şəxsi və ya həssas məlumatlara icazəsiz giriş riski böyükdür. Ekspert bildirir ki, şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Məlumatların oğurlanması riski də böyükdür. Lombardların fəaliyyətinin, o cümlədən müxtəlif girovlar müqabilində pul təklif etməsinin qanuni olub-olmamasına gəlincə, Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli qərarı ilə “Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Konkret qanunvericiliyə gəlincə isə hələlik Milli Məclis “Lombardlar haqqında” qanunu qəbul etməyib. 6 fəsil 32 maddədən ibarət yeni qanun layihəsi hazırlansa da, parlamentdə tam müzakirədən keçməyib.