Bakı Ağ Şəhərin ərazisində dezinfeksiya işləri aparılır
Bakı Ağ Şəhərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
APA TV-nin məlumatına görə, koronavirusa yoluxma hallarına yol verilməməsi və infeksiyanın qarşısının alınması məqsədilə paytaxtda həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Bakı Ağ Şəhərin ərazisindəki küçə və prospektlərin kənarları, yollar və səkilər xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur.
Bakı Ağ Şəhər Ofis Binasının direktor müavini Xaliq Orucov deyir ki, dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək: “Xüsusi termometriya cihazlar vasitəsilə binaya daxil olan bütün şəxslərin temperaturu ölçülür. Bundan başqa ofis binasında mütəmadi olaraq bütün mərtəbələrdə, pilləkən boşluqlarında, parkinq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilir. İnsanların təmas etdiyi bütün səthlər gündə ən azı 3-4 dəfə olmaqla xüsusi dezinfeksiyaedici vasitələrlə silinir”.
Həmçinin Ağ Şəhər ərazisində yerləşən yaşayış binalarının həyətləri, giriş hissələri, lift kabinləri, pilləkən marşları, konteyner meydançaları, həyətlərdəki oturacaqlar, idman və əyləncə qurğuları dezinfeksiya edilir.
Xaliq Orucov deyir ki, dezinfeksiya işləri həftədə ən azı 2 dəfə həyata keçirilir: “İstifadə sahələri ən azı həftədə 2 dəfə xüsusi mayelərlə dezinfeksiya edilməlidir. Söhbət burada yerləşən yaşayış binalarından gedir. Həmin binaların idarəetmə şöbələri tərəfindən bu dezinfeksiya tədbirləri həyata keçirilməkdədir”.
Qeyd edək ki, Mülki və Mənzil məcəllələrinə əsasən mənzil-tikinti kooperativlərinin idarə etdikləri binalarda dezinfeksiya işləri istismar qrupları tərəfindən payçıların vəsaiti hesabına həyata keçirilir.
Həmidağa Məcidov,
Faiq Həsənov,
APA TV