Bakı Avtovağzalı yaxınlığındakı qanunsuz tikililər söküldü

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında olan qanunsuz tikili və hasarlar sökülüb.

 

APA TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin apardığı araşdırmalar nəticəsində Binəqədi rayonunda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansındakı torpaq sahəsinin qanunsuz olaraq hasarlandığı, burada müxtəlif təyinatlı tikililərin inşa edildiyi aşkar olunub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılovun sözlərinə görə, təşkil edilmiş komissiya tərəfindən ərazidəki müxtəlif təyinatlı tikili və hasarlanmış sahələrin sənədləri araşdırılıb: “Müəyyən olunan pozuntuların aradan qaldırılması, buradakı tikili və hasarların sökülməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarının texnika və işçi qüvvəsi tərəfindən iki gün ərzində bu ərazidə zəbt edilən 15 sahənin hasarları və 3 ədəd qanunsuz tikili sökülərək 1,5 ha yaxın ərazinin təmizlənməsi işləri həyata keçirilib. Qanunsuzluqlara yol verən vətəndaşlara xəbərdarlıq edilib".

 

Onun sözlərinə görə, bu işlərin əsas məqsədi qanunsuz torpaq zəbt edilməsi hallarının qarşısını almaq, paytaxtı daha da gözəlləşdirmək və vətəndaşların istirahətinin səmərəli təşkilidir.

 

Qeyd olunub ki, ayrı-ayrı işbazlar, vətəndaşlar tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə qeyri-qanuni inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi işlər davam etdiriləcək.

 

Mir Çingiz Ağazadə

Faiq Həsənov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv