Bakı Avtovağzalında hər gün dezinfeksiya işləri görülür
"Bakı Avtovağzal Kompleksində hər gün dezinfeksiya işləri görülür".
APA TV-nin verdiyi məlumata görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova deyib.
Onun sözlərinə görə, bundan öncə də dezinfeksiya işləri görülürdü. Lakin indi koronavirus təhlükəsi nəzərə alınaraq qabaqlayıcı tədbirlərin tezliyi artırılıb və gündəlik həyata keçirilir: “Bilirsiniz ki, gün ərzində Bakı Beynəlxalq Avtovağzalından xeyli sərnişin istifadə edir. Buna görə də istər beynəlxalq, istərsə də şəhərlərarası istiqamətlərdə hərəkət edən avtobuslarda, həmçinin kassalarda, gözləmə zallarında, nəqliyyat qovşağının özündə, iaşə obyektlərində və digər hissələrin hamısında gündəlik olaraq dezinfeksiya işləri aparılır”.
Pərvin Məmmədova onu da qeyd edib ki, sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq, onların daimi məlumatlı olunması üçün 406-01-58 və 406-01-59 Məlumat Mərkəzi 24 saat fəaliyyət göstərir: “Maariflənmə bu məsələdə çox önəmlidir. Avtovağzalın işçiləri də bu barədə maarifləndirilirlər. Eyni zamanda tibbi maskalar, əlcəklər və digər qorunma vasitələri ilə təmin olunurlar”.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində dezinfeksiya işləri artıq bir neçə gündür ki, başlayıb və epidemiya təhlükəsi olduğu müddətdə gündəlik olaraq davam etdiriləcək.