Bakı Beynəlxalq Avtovağzalında "Libraff"ın oxu məntəqələri yaradıldı

Bakı Beynəlxalq Avtovağzalında "Libraff" Mağazalar Şəbəkəsinin oxu məntəqələri yaradılıb.

 

APA TV-nin məlumatına görə, avtovağzalın gözləmə zallarında yaradılan kitabxana tipli məntəqələr "Libraff" Mağazalar Şəbəkəsi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin birgə təşkilatçılığı ilə vətəndaşların ixtiyarına verilib.

 

Layihənin əsas təşkilatçılarından olan "Libraff" Mağazalar Şəbəkəsinin rəhbəri Cəlalə Nəzəroğlu bildirib ki, məqsəd insanların mütaliəyə olan marağını artırmaqdır: “Əminəm ki, sərnişinlər belə təşəbbüsə imza atdığımıza görə bizə təşəkkür edəcəklər. Çox razı qalacaqlar. Burada öz nəqliyyat vasitələrini gözləyərkən vaxtlarını səmərəli keçirməkdən ötrü oxu zalında yerləşdirdiyimiz rəflərə yaxınlaşaraq istədiyi kitabı götürüb oxuya biləcəklər. Bu rəflərdə Azərbaycan və dünya ədəbiyyatından seçmə kitabları yerləşdirmişik. Həmçinin uşaqları da nəzərə almışıq. Onlara aid ədəbiyyat nümunələri burda yer alıb”.

 

Bakı Beynəlxalq Avtovağzalından istifadə edən vətəndaşlar yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər: “Kitab oxumaq gözəldir. Axır vaxtlar kitab oxuyanlar xeyli azalıb. Bu kitabxananın burada yerləşdirilməsi gözəl təşəbbüsdür. Boş vaxtlarında oturub oxumağa, vaxtını səmərəli keçirmək üçün yaxşı təşəbbüsdür. Əlbəttə ki, telefonla oynamaqdansa, kitab oxumaq min dəfə yaxşıdır. Həm savad cəhətdən, həm elmi cəhətdən, həm də ki, bizim kitablarımız qalıb. Heç oxuyan yoxdur”.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib ki, avtovağzaldan istifadə edən sərnişinlər buradakı boş vaxtlarını səmərəli keçirə biləcəklər: “Bilet alan zaman ola bilir ki, sərnişinin bir neçə saatı qalır. Vətəndaş artıq öz reysini gözləyən zamanda vaxtını təbii ki, ən səmərəli formada keçirə biləcək. Uşaqlı ailələr bura gəlib övladlarına azyaşlılar üçün nəzərdə tutulmuş kitablar da oxuya bilərlər. Hətta özləri də bu kitablardan yararlana bilərlər. Düşünürük ki, çox gözəl addımdır”.

 

Pərvin Məmmədova bildirib ki, oxu məntəqələrindən istifadə edən vətəndaşlar öz kitablarını da bura hədiyyə edə bilərlər: “Özləri ilə gətirdikləri kitabları digər sərnişinlərlə də paylaşa bilərlər. Eyni zamanda oxuduqları kitabı digər sərnişinlərin də oxuya bilməsi üçün səliqəli saxlamaq və oxuduqdan sonra yerinə qoymaq lazımdır. Ümid edirəm ki, bu təşəbbüs sərnişinlər tərəfindən çox gözəl qarşılanacaq”.

 

Qeyd edək ki, "Libraff" Mağazalar Şəbəkəsi sözügedən layihəni bölgələrdə həyata keçirməyi planlaşdırır.

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv