Bakı İslam Universitetinin diplomları niyə tanınmır? – ARAŞDIRMA
Bakı İslam Universitetinin məzunları çıxılmaz vəziyyətlə üzləşiblər. Çünki 1989-cu ildən fəaliyyət göstərən universitetin hazırda 3500-dən artıq məzunu öz diplomlarını Təhsil Nazirliyində təsdiqlədə bilmirlər.
APA TV-nin məlumatına görə, ali dini tədris müəssisəsi olan Bakı İslam Universiteti (BİU) SSRİ Nazirlər Soveti yanında Dini İşlər Şurasının 17.01.1989-cu il tarixli 2№-li protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlayıb.
QMİ-nin 14.01.1991-ci il tarixli 2№-li əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılıb.
QMİ-nin təşəbbüsü ilə Ədliyyə Nazirliyi Kollegiyasının 01.03.1994-cü il tarixli qərarına əsasən, Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılıb.
Qafqaz İslam Universiteti Ədliyyə Nazirliyinin 17.03.1997-ci il tarixli qərarı ilə Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163№-li sərəncamına əsasən, BİU 135 saylı şəhadətnamə ilə yenidən qeydiyyata alınıb.
2009-cu ildə Təhsil Nazirliyi Bakı İslam Universitetinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verib. Həmin razılığa əsasən, universitetdə bakalavr səviyyəsində Dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılıb. Bakı İslam Universitetində iki fakültə - İslamşünaslıq və Şəriət fakültələri mövcud olub. Universitetdə həm dini, həm də dünyəvi fənlər tədris olunub. Təhsil əyani və qiyabi şöbələrdə aparılıb. Universitetdə Şəriət və Quran elmləri, İctimai (dünyəvi) elmlər və Dillər kafedraları fəaliyyət göstərib.
Diplomu tanınmayan məzunlardan biri də Sahib Altaydır. Onun sözlərinə görə, hazırda Universitetin 3550 nəfərdən çox məzunu diplom problemi ilə üzləşib. 2008-ci ildə Bakı Dövlət Universitetindən İslam Universitetinə köçürülmə yolu ilə daxil olan müsahibimiz 2013-cü ildə də həmin universitetdən məzun olub.
O, Bakı Dövlət Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan vasitəsilə daxil olub. Müəyyən səbəblərə görə transfer yolu ilə Bakı İslam Universitetində keçib və təhsilini burada davam etdirib: “2009-cu ilə kimi Azərbaycan Respublikasının Dövlət Konstitusiyasında “Dini etiqad azadlığı” haqqındakı qanununun maddələri arasında orta və yaxud ali dini ixtisas məktəblərinin lisenziyalaşdırılması haqqında bənd olmayıb. Universitet də “Dini etiqad azadlığı” haqqındakı qanunun 10-cu maddəsinə əsasən fəaliyyət göstərib, yəni müstəqil fəaliyyət prinsipinə əsasən. 2009-cu ildə Prezidentin qanunvericilikdə etdiyi dəyişikliyə əsasən, ali və orta dini ixtisas məktəbləri lisenziyalaşdırılıb. İlk mərhələdə lisenziya alan ali məktəblərdən biri də İslam Universiteti olub”.
Yaranan problem budur ki, Bakı İslam Universitetinə 2009-cu ildən əvvəl, yəni hələ universitetə qəbulun daxili imtahan yolu ilə aparıldığı dövrlərdə qəbul olmuş məzunların diplomları bu gün heç bir dövlət orqanı tərəfindən tanınmır: “Bu təhsil ocağına əvvəlki illərdə tələbələr daxili imtahanlar vasitəsilə, daha sonra TQDK tərəfindən keçirilən imtahanlar vasitəsilə qəbul olunub. 5 və 4 il tam olaraq ali təhsil alıblar. Dövlət imtahanları keçirilib və diplom müdafiəsi qanuna müvafiq formada həyata keçirilib. Hətta universitetin oğlan məzunları 1 il müddətində hərbi xidmətlərini də keçiblər”.
Müsahibimiz deyir ki, məhkəmə qərarına əsasən, Bakı İslam Universitetinin məzunlarının diplomları saxta sayılmır: “Məzunlar içərisindən yalnız bir nəfər 5 illik məhkəmə çəkişməsindən sonra uğurlu nəticə əldə edib. Belə ki, Ali Məhkəmənin qərarı ilə həmin adamın diplomunun dövlət nümunəli diplomla əvəz edilməsinə qərar verilib. Bundan sonra universitet Təhsil Nazirliyinə müraciət formalı məktub yazıb ki, bu problem 3500 məzun üçün eyni status daşıyır, bir məhkəmə qərarına əsasən digər məzunların da diplomları dövlət nümunəli diplomlarla əvəz edilsin. Qanunvericiliyə əsasən, artıq əvəz olunmalıdr”.
Yeri gəlmişkən, Sahib Altay bu universitetin diplomu ilə Türkiyədə magistr təhsili alıb, hazırda doktorantura pilləsindədir. Həmçinin o, Bakı İslam Universitetindən aldığı arayışla 67-dən çox ölkənin qatıldığı beynəlxalq olimpiadada iştirak edib .
Asif Zülfüqarov isə Bakı İslam Universitetindən 2013-cü ildə məzun olub. O, ödənişli əsaslarla təhsil alıb: “6 min manat təhsil haqqı ödəmişəm, qiyabi təhsil almışam. Bu gün bizi TQDK imtahanından keçməməkdə, universitetə daxili imtahan prosesi vasitəsilə qəbul olmaqda ittiham edirlər. Buna cavab olaraq qeyd edim ki, 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatda olan Bakı İslam Universitetinin nizamnaməsinin 4.3 bəndinə əsasən, qəbulun orta ümumtəhsil və müsabiqə yolu ilə aparılmalı olduğu qeyd olunub”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 27 iyun 2002-ci il tarixli 163№-li sərəncamına əsasən, Bakı İslam Universiteti 135 saylı şəhadətnamə ilə qeydiyyata alınıb.
Məsələyə Təhsil Nazirliyinin də münasibətini öyrəndik. Bildirildi ki, Bakı İslam Universitetinin məzunlarının diplomlarının dövlət nümunəli təhsil sənədləri ilə əvəz edilməsi barədə müraciətlər mövcuddur:
“Müraciətlərdə onlara məxsus diplom blanklarının yeni dövlət nümunəli təhsil sənədi ilə əvəz edilməsi barədə xahiş olunur. Nazirlikdə bu müraciətlər araşdırılıb və yeni diplom blanklarının verilməsindən imtina edilib. Bununla bağlı məhkəməyə müraciət edilib, hazırda həmin mübahisələr müvafiq məhkəmələr tərəfindən araşdırılır. Bildiririk ki, Bakı İslam Universiteti 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərib, tələbə qəbulunu daxili müsahibə yolu ilə aparıb və məzunlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən təqdim edilməyib. O cümlədən attestasiya komissiyasının sədrləri də Təhsil Nazirliyi tərəfindən təyin edilməyib. Bakı İslam Universitetinə qəbul yalnız 2010-cu ildən mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Ona görə də 2010-cu ilə qədər qəbul olunmuş tələbələrə Təhsil Nazirliyi tərəfindən diplom blankları verilmir”. SİTATIN SONU
Sevinc Vaqifqızı,
Üzeyir Ağayev,
APA TV