Bakı kəndlərində su niyə qəhətə çıxıb?
Havalar isindikcə Bakının bəzi ərazilərində su qıtlığı problemi də şiddətlənir. Xatırlayırsınızsa, ötən günlərdə Suraxanı kəndi ərazisində APA TV komandası tərəfindən susuzluqdan əziyyət çəkən sakinlərin şikayəti işıqlandırılmışdı. Binə atçılıq yaşayış massivində də problem eynidir, lakin burdakı insanlar dəfələrlə “Azərsu” ASC-ə müraciət etmələrinə baxmayaraq, su xəttinin çəkilmədiyini deyirlər. Sakinlərin sözlərinə görə, artıq xeyli müddətdir ki, “Azərsu” su xəttinin çəkiləcəyini desə də, ortada heç nə yoxdu. Məsələ ilə bağlı “Azərsu” ASC-ə müraciət etdik. Qurumdan bildirildi ki, Bakıətrafı qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması baş plana və ayrılan vəsaitə uyğun mərhələlərlə icra olunur. Qeyd olunub ki, bu barədə həmin ərazilərdə yaşayan vətəndaşlar qurum tərəfindən məlumatlandırılıb. Eyni problemdən əziyyət çəkən Novxanı sakinləri də yayın qızmar günlərində içməyə su tapmadıqları üçün suyu maşınlardan aldıqlarını bildiriblər. Lakin həmin yük maşınları icazə verilməyən saatda su daşıdığı üçün polis tərəfindən cərimələnirlər. Bu da suyun daha da bahalaşmasına səbəb olur. Nəqliyyat eksperti Ərşad Hüseynov isə düşünür ki, qərarda qeyd olunan yük maşınlarının təyin edilmiş müvafiq saatlarda hərəkəti yalnız şəhəriçi və ya mərkəzi yollara aiddir. Su məsələləri üzrə ekspert Mehman Rzayev bildirib ki, suyun kəsilməsində əsas səbəblərdən biri də son vaxtlar ölkədə sel, daşqın kimi təbii hadisələrin baş verməsidir. Çünki belə halda qurğular sıradan çıxır və ya su lilləşir, onun təmizlənməsi isə bir qədər zaman alır. Ekspertin fikrincə, payız aylarından etibarən, su problemi həllini tapacaq. Ekoloq Qorxmaz İbrahimli isə düşünür ki, ölkədə su qıtlığının yaranması birbaşa insanların israfçılığı ilə əlaqəlidir. Onun fikrincə, tək su deyil, ehtiyacımızı qarşılayan bütün vasitələri çox vaxt boş yerə xərcləyirik. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən isə o da bildirildi ki, havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən su maksimum səviyyədə artırılıb. Eyni zamanda, anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilib. Qurumun açıqlamasında vurğulanır ki, suyun şəbəkəyə verilməsi və anbarlara ötürülməsi istər-istəməz xətlərdə təzyiqin düşməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.