Bakı küçələri növbəti dəfə dezinfeksiya olundu

Paytaxt küçələri yenidən dezinfeksiya edilib.

 

APA TV-nin məlumatına görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.


Dezinfeksiya tədbirlərində Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində fəal iştirak ediblər.

 

BŞİH şöbə müdirinin müavini İsrafil Kərimov bildirib ki, küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan 11 mindən çox yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər: “Pandemiyanın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdiririk. Bu gün Bakı şəhərində kütləvi dezinfeksiya işləri aparılır. Artıq 8-ci dəfədir ki, paytaxta belə geniş miqyaslı dezinfeksiya tədbirləri həyata keçirilir. Dezinfeksiya işlərinə kommunal xidmətlərin 40 ədəd xüsusi texnikası və 2 min ədəd canlı qüvvəsi cəlb edilmişdir”.

 

Qeyd edək ki, dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv