Bakı məhlələrində reyd: 30-DAN ÇOX ÜNVANDA ƏMƏLİYYAT KEÇİRİLDİ
Süni maneələrin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində keçirilir. Xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 47, C.Naxçıvanski küçəsi 49, C.Naxçıvanski küçəsi 55, B.Nuriyev küçəsi 27, B.Nuriyev küçəsi 169, Çobanzadə küçəsi 41, Q.Qarayev prospekti 125, Q.Qarayev prospekti 126 ünvanlarında reydlər keçirilərək qeyd edilən maneələrin demontaj edilməsinə nail olunub, vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Nurlan Qədimov belə tədbirlərin nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirildiyini bildirib: “Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və təşkilatçılığı ilə Nizami rayonu ərazisində metal dirəklərin basdırılması və ya beton plitələrin düzülməsi ilə yol və keçidlərin hərəkət hissəsi, eləcə də su mənbələrinə gedən yolların daraldılması və bağlanması aşkar edilib. Aparılmış qanunamüvafiq tədbirlər nəticəsində operativ nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran sözügedən maneələr aidiyyəti müəssisələr tərəfindən demontaj edilərək ləğv olunur”.
Qeyd olunub ki, cari il ərzində bu günə qədər Nizami rayonu ərazisində 30-dan artıq ünvanda bu tipli əməliyyatlar həyata keçirilib.
Nərmin Murad
Ceyhun Mustafayev
APA TV