Bakı Metropoliteni qatar parkını təzələyir - YENİ QATARLAR GƏTİRİLƏCƏK
Hər birimiz gündəlik həyatımızda bir dəfə də olsa, metrodan istifadə edirik.
APA TV-nin məlumatına görə, Bakı Metropoliteni artıq 53 ildir ki, paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xidmət göstərir.
İşə gedərkən, işdən qayıdarkən uzaq məsafələri bizə yaxın edən Bakı Metropolitenin paytaxt sakinlərinə necə xidmət göstərdiyini öyrənmək məqsədilə sərnişinlər arasında sorğu keçirdik. Onlara “Metronun fəaliyyəti və reyslər arasındakı intervallar sizi qane edirmi?” sualını ünvanladıq. Cavablar isə müxtəlif oldu:
- Sözün açığı, o qədər də qane eləmir. Gecikmələr olur.
- Bəli, razıyam. Səbəb odur ki, işə getmək üçün evdən tezdən çıxıram. Evdən tez çıxanda metro boş olur. O qədər də sıxlıq olmur.
- Məni qane edir. Problem yoxdur. Normal gedib-gəlirəm. Mən “Koroğlu” stansiyasından gəlirəm. Normaldır. Elə bir problem yoxdur.
- Normaldır, yaxşıdır. Qane edir. Gecikmələr olmur.
- Sıxlıq günün hansı vaxtından asılı olaraq dəyişir. Elə vaxt olur qane edir, elə vaxt olur qane etmir. Tələbələrin dərsə gedib-gəldiyi radələrdə, günorta “Elmlər Akademiyası” stansiyasında metroya minmək çətin olur.
- Xeyr, “Koroğlu” metro stansiyası elə bil sirat körpüsüdür. Ora düşdünsə, heç yerə gedə bilmirsən. Ancaq intervalı tezləşdirmək lazımdır. Orada bəzən olur ki, 2 dəqiqədən çox gözləyirsən. Amma qatar gəlmir. Buna bir əncam çəksinlər də. Camaat əziyyət çəkir.
Sorğudan da göründüyü kimi, metronun fəaliyyətindən razı qalanlar da var, qalmayanlar da. Qatarların yubanmasının, sərnişin sıxlığının səbəbini öyrənmək üçün "Bakı Metropoliteni" QSC-yə üz tutduq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, gecikmələr və sərnişin sıxlığının müxtəlif səbəbləri var: “Ümumiyyətlə, qatarların yubanmasının əsasən 2 səbəbi ola bilər: sərnişin sıxlığı və ya qatarların hər hansı birində nasazlığın olması. Hər hansı bir qatar xətdən çıxarılırsa, “Bakı Metropoliteni” QSC bu barədə tam şəffaf şəkildə ictimaiyyətə məlumat verir. Bunun sayı il ərzində çox məhdud olur. Məsələn, 2019-cu il ərzində cəmi 7 belə hadisə baş verib. Amma qatarların gecikməsi əsasən sərnişin sıxlığı ilə bağlı bir məsələdir”.
Bəxtiyar Məmmədov qeyd etdi ki, “Bakı Metropoliteni” QSC 2019-cu il ərzində nəzərdə tutulandan daha çox sərnişinin daşınmasında iştirak edib: “Təkcə onu qeyd etmək kifayətdir ki, 2019-cu ildə Bakı Metropolitenində plandan artıq 5 milyondan çox sərnişin daşınıb. Bir də əsas məsələ sərnişinlərimizin üzərinə düşən vəzifələrdir. Sərnişinlərimiz qatara daxil olarkən və ya qatardan çıxarkən, platformada hərəkət edərkən müəyyən istifadə qaydalarında göstərilmiş prinsiplərə əməl etməlidirlər. Bu prinsiplərə əməl olunarsa, əminəm ki, hansısa bir sıxlıqda belə gecikmələrin sayı kifayət qədər az olacaq”.
Qurum rəsmisi bildirdi ki, cari ildə Bakı Metropoliteni gecikmələri və sərnişin sıxlığını tam aradan qaldırmaq məqsədilə paytaxta yeni qatarlar gətirəcək: “2019-cu ildə Bakı Metropoliteni tarixində əhəmiyyətli bir hadisə baş verib. Uzunmüddətli müqavilə bağlanıb. Yəni 3 il ərzində Bakı Metropolitenində olan qatarların yenilənməsi istiqamətində əhəmiyyətli işlər görüləcək. Həmin müqaviləyə əsasən, 3 il ərzində 60 yeni vaqon alınacaq. 2020-ci il ərzində bu vaqonlardan 20-si Bakıya gətiriləcək. Artıq fevral ayında həmin qatarlardan ilk partiyanın Bakıya gəlməsi nəzərdə tutulub”.
Qeyd edək ki, sözügedən qatarların ilk partiyasının Bakıya gətirilməsi fevral ayı üçün nəzərdə tutulub.
Həmidağa Məcidov,
Əli Ələkbər,