Bakı Metropolitenində xüsusi yoxlama cihazları quraşdırılıb
Ölkə ərazisində hərbi vəziyyətin elan edilməsi və son günlər COVID 19 virusuna yoluxma sayında artımın müşahidə olunması Bakı Metropolitenində nəzarət-profilaktika tədbirlərinin gücləndirilməsi zərurətini yaradıb.
APA TV-nin xəbərinə görə, ictimai nəqliyyatda koronovirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq Bakı Metropolitenində tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına ciddi nəzarət olunur və bu istiqamətdə tədbirlər davam etdirilir.
Sosial məsafənin qorunması, həmçinin insanlar arasında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə istiqamətləndiricilərdən istifadə edilir. Artıq sərnişinlərin nizamlı hərəkətinin təmin edilməsinə skaner tipli yeni yoxlama qurğularının da təsiri var. Stansiyaların girişlərinin yoxlama məntəqələrində tətbiq edilən avadanlığın əsas vəzifəsi metropolitendən sərnişinlərin istifadə rahatlığını və təhlükəsizliyini artırmaqdır. İlk olaraq metropolitenin daha çox sərnişin daxil olan stansiyalarında tətbiq edilən və avtomatik rejimdə çalışan bu çoxfunksiyalı sistem daşınan əşyaları, o cümlədən müəyyən edilmiş ölçülər çərçivəsində çanta və digər yüklərin yoxlanılmasın sürətlə həyata keçirir, ləngimələrin aradan qaldırılmasına xidmət edir.
Əl ilə yoxlanılma zamanı bir çantanın yoxlanılması 2, bəzən 3 dəqiqə vaxt aparırdısa, xüsusi aparat vasitəsilə bu çantanın yoxlanışı 10-15 saniyəmizi apardı.
Aparılan zəruri profilaktika tədbirləri, həmçinin yoxlanış və nəzarət işinin sadələşdirilməsi gündəlik olaraq metrodan istifadə edən sakinlərində ürəyincədir.
- Çox gözəl fikirdir. Belə də lazımdır ki, orqan işçilərimiz əməl edir. Ciddi yoxlanmalıdır. Yəqin ki, ciddi də yoxlanılır.
- Bu, təhlükəsizliyimiz üçün olan ehtiyat tədbiridir. Yaxşı qiymətləndirirəm. Ölkəmiz üçün yaxşı bir şeydir.
- Çox yaxşı fikirdir ki, bu aparatı quraşdırıblar. Əl ilə yoxlamaq yaxşı deyil. Bu daha yaxşıdır.
- Məncə, aparatla yoxlanması daha yaxşıdır. Əl ilə yoxlama zamanı vaxt itkisi çox olur. Ancaq aparatla yoxlanılarkən insanlar əşyalarını qoyurlar yoxlanır və tez keçirlər.
Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, istər təhlükəsizlik tədbirləri, istərsə də COVID 19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində aparılan tədbirlər bundan sonra da geniş formatda davam etdiriləcək: “Sentyabr ayının 14-dən sonra Bakı metropoliteni stansiyalarının işi bərpa olunub. Virus infeksiyasının yayılmaması üçün nəzarət tədbirləri gücləndirilir. İlk öncə Operativ Qərargahın qərarlarına uyğun tədbirlər görülür. Eyni zamanda görülən təqdirəlayiq işlərdən biri də yoxlama cihazlarının qoyulmasıdır ki, bu da sıxlığın qarşısını almaq baxımından önəmlidir. Avadanlıqların sayı isə hər stansiyada olan sərnişin sayına görədir. Belə ki, daha çox insanın istifadə etdiyi stansiyalarda aparatlar 2 ədəd quraşdırılır. Az insan olanlarda isə 1 yoxlama cihazı quraşdırılır”.
Qeyd edək ki, çantaların yoxlanışı üçün qurğuların qoyulması polis əməkdaşlarının da işini xeyli asanlaşdırıb.
Xələf Xələfov
Əli Əkbər