"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxdu, bir nəfər öldü
"Bakı Metropoliteni" QSC-nin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19") infeksiyasına yoluxub.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA TV-yə verdiyi xəbərə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir.
COVİD-19 virusuna yoluxan 1 əməkdaş isə dünyasını dəyişib. Bəxtiyar Məmmədovun sözlərinə görə, həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar və onların vəziyyəti ilə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müntəzəm maraqlanır.
Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19" şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə isə testin nəticəsi mənfi olub.
“Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”- deyə Bəxtiyar Məmmədov bildirib.
Bəxtiyar Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir.